SİYASƏT
UAGİ Xerson vilayətində keçirilmiş “Çay dəstgahı” festivalında iştirak edib
Kiyev, 16 iyun, AZƏRTAC
Xerson vilayətinin İvanovka kəndində “Çay dəstgahı” festivalı keçirilib. Festivalda Ukraynadakı Azərbaycanlı Gənclər İttifaqının (UAGİ) bu regiondakı nümayəndələri iştirak ediblər. Bu barədə AZƏRTAC-a UAGİ-nin mətbuat xidmətindən bildiriblər.
Vilayət Dövlət Administrasiyasının Xarici iqtisadi fəaliyyət, turizm və kurortlar departamentinin köməyi ilə təşkil olunmuş tədbir Ukraynanın müxtəlif yerlərindən 200 nəfərdən çox iştirakçı, o cümlədən milli azlıqların nümayəndələrini bir araya toplayıb.
Festival çərçivəsində “Çay dəstgahı” adlı siyasi-mədəni tədbir, habelə regional etnoslararası mədəni dialoqun və sabitliyin möhkəmləndirilməsinə yönəldilmiş başqa tədbirlər keçirilib.
UAGİ-nin fəalları “dəyirmi masa”nın işində iştirak edib, regionun sosial-mədəni və iqtisadi inkişaf məsələlərini müzakirə ediblər, habelə Azərbaycan çayının hazırlanması üzrə ustad dərsi keçiriblər. Tədbir zamanı yabanı bitkilər, mixək, hil və darçınla dəmlənmiş ətirli “Azərçay” içkisinin dequstasiyası olub.
Əlbəttə, festivalda milli şirniyyatlarımız – şəkərbura, badambura, paxlava, əncir və qızılgül mürəbbələri də əskik olmayıb.
Festivalın qonaqları Odlar Yurdunun gözəl və zəngin mədəniyyətinə heyran qalıblar.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev