SİYASƏT
ÜAK RUSİYANIN GETDİKCƏ DAHA ÇOX REGİONLARINI ƏHATƏ EDİR
Konqresdən AZƏRTAC-ın Moskva müxbirinə bildirmişlər ki, bu günlərdə ÜAK Nijni Novqorodda Privoljsk federal dairəsinin regional təşkilatlarının rəhbərləri üçün seminar-müşavirə keçirmişdir. Müşavirədə ÜAK-ın, həmin dairənin regional təşkilatlarının rəhbərləri və Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.
Tədbirin əsas məqsədi və yekunu ÜAK-ın vitse-prezidenti, onun Ulyanovsk şöbəsinin başçısı Şakir Göyüşovun rəhbərliyi ilə Konqresin Privoljsk regional şöbəsinin yaradılması olmuşdur. Müşavirə iştirakçılarının fikrincə, regionlararası təşkilatın yaradılması nəinki Konqresin regional təşkilatlarının həmvətənləri bir araya gətirmək sahəsində fəaliyyətinin əlaqələndirilməsini yaxşılaşdırmağa kömək edir, həm də həmvətənlərin problemlərinin həlli zamanı həmin regionun dövlət hakimiyyəti orqanları və ictimai təşkilatları ilə qarşılıqlı əlaqələri gücləndirir. Belə qurumları Rusiya Federasiyasının digər federal dairələrində də yaratmaq nəzərdə tutulur.
Bununla yanaşı, Nijni Novqorodda Rusiya Xalqları Assambleyası Şurasının sədri R.Abdulatipovun, RF Dövlət Dumasının millətlərin işləri komitəsinin sədri V.Nikitinin, Dövlət Duması aparatının məsul işçisi R.Kanapyanovanın və başqalarının iştirakı ilə “dəyirmi masa” görüşü də keçirilmişdir. Görüşdə Azərbaycan diasporu ilə iş və digər milli diasporlarla qarşılıqlı fəaliyyət üzrə perspektiv vəzifələr müəyyənləşdirilmişdir. “Dəyirmi masa” iştirakçıları ÜAK-ın Privoljsk regional şöbəsini yaratmaq təşəbbüsünü müsbət qiymətləndirmişlər. Rusiya Xalqları Assambleyası Şurasının sədri R.Abdulatipov ÜAK-ın yüksək fəallığını xüsusi vurğulayaraq, bunu ölkənin ictimai-siyasi həyatında müsbət amil adlandırmış və Rusiya Xalqları Assambleyası Şurası ilə ÜAK arasında imzalanmış saziş çərçivəsində əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirmişdir.