MƏDƏNİYYƏT


“ÜÇ MİN İLİN HİKMƏTİ” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Əli Poladın “Üç min ilin hikməti” kitabının təqdimat mərasimi keçirilmişdir.

Ümummilli liderimiz Prezident Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Müəllif mərasimi açaraq tədbirə gələnlərə minnətdarlığını bildirmiş, kitabın hazırlanması prosesindən danışarkən vurğulamışdır ki, bu müdrik kəlamlar toplusu Türkiyədə 5 dəfə nəşr olunmuşdur. Bakı nəşri isə əvvəlkilərdən Azərbaycan müəlliflərinə və atalar sözlərinə geniş yer verilməsi ilə fərqlənir.

Türkiyədən, Cənubi Azərbaycandan, respublikamızdan tanınmış ziyalıların iştirak etdiyi mərasimdə Milli Məclisin deputatları - Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, AMEA-nın müxbir üzvü Nizami Cəfərov və şair Sabir Rüstəmxanlı, akademik Fuad Qasımzadə, doktor Cavad Heyət,

AMEA-nın müxbir üzvü Vasim Məmmədəliyev çıxış etmişlər.Natiqlər kitabın böyük zəhmət bahasına başa gəldiyini, gəlir məqsədi ilə hazırlanmadığını, insanlığa xidmət edənlərə ithaf olunduğunu vurğulamış, onun digər məziyyətlərindən danışmışlar. Onlar toplunu “Beynəlxalq aforizmlər ensiklopediyası” adlandırmış, hər bir fəslin, bölmənin əvvəlində, əsasən, Azərbaycanın alim və yazıçılarının hikmətli sözlərindən epiqraflar verilməsini, kitabda ən çox – 26 kəlamın Prezident Heydər Əliyevə məxsus olmasını yüksək qiymətləndirmişlər.

Qırx ilə başa gələn, səkkiz fəsildən, 99 bölmədən ibarət kitab ulu öndərimiz Heydər Əliyevin dövlət bayrağımızın önundəki portreti və “Mən həyatda yalnız yaradanıma, zəhmətimə və bir də xalqıma arxalanmışam” kəlamı ilə açılır. Sonra mərhum Prezidentimizin qısa tərcümeyi-halı verilir.

Mərasimdə Heydər Əliyevin həyatından bəhs edən sənədli filmdən parçalar göstərilmişdir.

Azərbaycan Milli Akademik Dram Teatrı aktyorlarının ifasında kitabdakı müdrik sözlərdən seçmələr səsləndirilmişdir.

Kitabdan istifadəni asanlaşdırmaq məqsədi ilə toplunun sonunda hikmətli sözlərin müəllifləri və ya qaynaqları haqqında qısa məlumat verilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.