İDMAN


UEFA Avropa Liqası: “Arsenal” öz meydanında “Napoli”ni məğlub edib

Bakı, 12 aprel, Nicat Məmmədov, AZƏRTAC

UEFA Avropa Liqasının dörddəbir final mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, mərhələnin maraq doğuran oyunu “Emireyts” stadionunda baş tutub. İngiltərənin “Arsenal” komandası doğma azarkeşlər önündə İtaliyanın “Napoli” komandasını qəbul edib.

Görüş “Arsenal” klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Londonlular hesabı 15-ci dəqiqəsində açıb. Aron Remzi qapıya dəqiq zərbə vurub - 1:0. Qoldan on dəqiqə sonra meydan sahibləri hesab arasındakı fərqi iki topa çatdırıb. Belə ki, Lukas Toreiranın uzaq məsafədən vurduğu zərbə neapolluların müdafiəçisi Kalidou Kulibalinın ayağına dəyərək qapıdan keçib - 2:0.

Fasilədən sonra hesab dəyişilməyib. “Arsenal” “Qarabağ”la birgə yer aldığı E qrupunu lider kimi başa vurub. Neapollular isə Avroliqaya Çempionlar Liqasından qrup üçüncüsü kimi gəliblər.

Günün digər maraq doğuran oyununda İspaniyanın iki komandası üz-üzə gəlib. “Vilyarreal” öz meydanında “Valensiya”nı qəbul edib. Görüş 1:3 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Onların heyətində Qoncalo Quedes (6, 90) və Daniel Vas (90) fərqləniblər. Meydan sahiblərinin yeganə qolunun müəllifi 36-cı dəqiqədə Santi Kazorla olub.

İspaniyanın şərqində yerləşən qonşu şəhərlər arasındakı məsafə 60 kilometrdir. Bu komandalar 2003-2004-cü illər mövsümündə UEFA Kubokunun yarımfinalında üz-üzə gəliblər. Həmin vaxt səfərdə qolsuz heç-heçə edən “Valensiya” evdə Mistanın penalti qolu ilə finala çıxıb. Daha sonra “yarasalar” Fransa “Olimpik”ini üstələyərək, turnirin qalibi olub.

Turnirin favoritlərindən sayılan İngiltərənin “Çelsi” komandası səfərdə Çexiyanın “Slaviya” klubunun qonağı olub. “Çelsi” 1:0 hesabı ilə qələbə qazanıb. Londonluların yeganə qolunu 86-cı dəqiqədə Markos Alonso vurub.

Praqalılar ötən mərhələdə turnirin son qalibi İspaniya “Sevilya”sını mübarizədən kənarlaşdırmaqla sensasiyaya imza atıblar. “Slaviya” bu mövsüm öz meydanında uduzmayıb. “Çelsi” isə ümumiyyətlə, məğlubiyyət acısı yaşamayıb.

Günün ən çox qol vurulan görüşü Portuqaliyada qeydə alınıb. “Benfika” Almaniyanın “Ayntraxt” klubunu qəbul edib. Altı qol vurulan görüşdə portuqaliyalılar üstün olub - 4:2.

Lissabon təmsilçisi də Avroliqaya UEFA Çempionlar Liqasından qrup üçüncüsü kimi qoşulub. Daha sonra “qartallar” onaltıdabir finalda Türkiyənin “Qalatasaray” klubunu, səkkizdəbir finalda isə Xorvatiyanın “Dinamo Zaqreb” klubunu üstələyiblər. “Ayntraxt” isə Avroliqanın qrup mərhələsindəki 6 oyunun hamısından qalib ayrılıb. Daha sonra Frankfurtun komandası Ukrayna “Şaxtyor”u və İtaliya “İnter”ini üstələyib. İki komanda ilk dəfə qarşılaşıb. Onların arasında cavab görüşləri aprelin 18-də olacaq.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.