İDMAN
UEFA Avropa Liqası: "Admira" ilk hissəni minimal üstünlüklə başa vurub [YENİLƏNİB]
Birinci hissəyə daha fəal başlayan Avstriya təmsilçisi görüşün 17-ci dəqiqəsində istəyinə nail olub. "Admira"nın futbolçusu Kristof Knasmüllner hesabı açıb. Hissənin sonunadək hər iki komanda qol vurmağa çalışsa da top qapıdan keçməyib.
Görüşün ilk hissəsi "Admira"nın minimal üstünlüyü ilə başa çatıb – 1:0.
Hazırda qarşılaşmanın ikinci hissəsi oynanılır.
19:59
Bakı, 20 iyul, AZƏRTAC
Gəncənin "Kəpəz" klubu futbol üzrə Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsi çərçivəsində cavab oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, "Kəpəz" komandası "Dalğa Arena"da Avstriyanın "Admira" klubunu qəbul edir.
"Kəpəz"in start heyətində Tadas Simaytis, Kərim Diniyev, Vüqar Bəybalayev, Dario Junior, Şəhriyar Rəhimov, Nicat Qurbanov, Tural Axundov, Şəhriyar Əliyev, Renan Alveş. Serjinyu və Jülen Eba yer alıblar.
Avstriya təmsilçisinin ilk onbirliyində isə meydana Yorq Zibenhandl, Ştefan Tsvirşiç, Tomas Ebner, Markus Lakner, Maksimilian Saks, Kristof Knasmüllner, Daniel Tot, Dominik Starkl, Markus Paviç, Markus Vostri və Eldis Bayrami çıxıblar.
Görüşü rusiyalı baş hakim Vitali Meşkov idarə edir. Ona həmyerliləri Valeri Dançenko və Maksim Qavrilin kömək edirlər. Matçda dördüncü hakim funksiyasını Mixail Vilkov yerinə yetirir.
Qarşılaşmanın UEFA nümayəndəsi Sergey İlyiç (Belarus), hakim-inspektoru isə Murat İlqazdır (Türkiyə).
Komandalar arasında bir həftə əvvəl Avstriyada keçirilən oyunda "Kəpəz" komandası 0:1 hesabı ilə uduzmuşdu. "Kəpəz"-"Admira" cütünün qalibi növbəti mərhələdə Çexiyanın "Slovan" (Liberets) komandası ilə üz-üzə gələcək.