İDMAN


UEFA Avropa Liqasının final matçı ilə əlaqədar azarkeşlər üçün videobələdçi yayımlanıb VİDEO

Bakı, 24 may, AZƏRTAC

Mayın 24-də UEFA və AFFA Avropa Liqasının Bakıda keçiriləcək final qarşılaşması ilə əlaqədar azarkeşlər üçün videobələdçi yayımlayıblar.

AZƏRTAC xəbər verir ki, videobələdçidə oyunu stadionda izləyəcək azarkeşlər üçün zəruri məlumatlar təqdim edilib.

Qeyd olunub ki, elektron qaydada alınmış biletlərin qarşılaşmaya bir həftə qalmış telefonlara göndərilməsinə başlanılıb. Biletləri qəbul etmək üçün uefa.com saytından xüsusi tətbiq telefonlara yüklənməlidir. Telefonlar IOS və Android əməliyyat sistemlərini dəstəkləməlidir. Oyun günü bütün biletlər təhlükəsizlik yoxlanışında aktivləşdiriləcək. Buna görə də telefonun enerji ilə dolu olduğuna diqqət yetirmək lazımdır. Stadiona yaxınlaşarkən mobil telefonların “bluetooth” funksiyasını aktivləşdirmək tələb edilir. Fiziki biletləri olan şəxslər biletləri təhlükəsiz yerdə saxlamalı və stadiona yaxınlaşan zaman yoxlanış üçün hazır etməlidirlər. Nəzərə almaq lazımdır ki oyun günü stadionda bilet satışı həyata keçirilməyəcək və stadiona biletsiz giriş mümkün olmayacaq.

Çarxda diqqətə çatdırılıb ki, bilet almış azarkeşlər final qarşılaşması günü Bakı Olimpiya Stadionuna və əks istiqamətə iki ekspress marşrut üzrə hərəkət edəcək avtobuslarla daşınacaqlar. Avtobuslar X1 marşrut xətti üzrə metronun “Qara Qarayev”, X2 marşrut xətti üzrə isə “28 May” stansiyalarından hərəkət edəcəklər. Üç dəqiqə intervalla hərəkət edəcək avtobuslar saat 18:30-dan 23:00-dək işləyəcək. Azarkeşlər metro vasitəsilə “Koroğlu” stansiyasından da stadiona gələ biləcəklər. Stadiona şəxsi nəqliyyat vasitələri ilə gəlmək istəyən şəxslər xüsusi buraxılış kartını təqdim etməlidirlər. Oyun başa çatdıqdan sonra ekspress avtobuslar və metro azarkeşləri əks istiqamətə daşıyacaq.

Videobələdçidə bildirilib ki, oyun günü stadionun qapıları saat 20:00-da açılacaq. Arenanın 1-11-ci qapıları arasındakı oturacaqlara bileti olan şəxslərin ekspress avtobuslarla gəlib arenaya “Şimal” girişindən daxil olmaları tövsiyə edilir. Oturacaqları 12-22-ci qapılar arasında olan azarkeşlərin metrodan istifadə edərək stadiona “Cənub” girişindən gəlmələri daha rahat olacaq.

Bütün girişlərdə təhlükəsizlik məntəqələri fəaliyyət göstərəcək. Təhlükəsizlik təlimatlarına ciddi əməl etmək xahiş olunur. Stadiona çanta ilə gəlmək qadağandır. Qadağan edilmiş əşyaların tam siyahısı ilə Bakı Olimpiya Stadionunun bos.az saytından tanış olmaq mümkündür. Tamaşaçı qapıları açıldıqdan sonra stadionun daxilində qida və içki məntəqələri fəaliyyət göstərəcək.

Qeyd edilib ki, arenaya giriş yalnız etibarlı biletlərlə mümkündür. Yaşından asılı olmayaraq, hər bir kəsin stadiona girişi üçün etibarlı matç bileti olmalıdır. Biletləri stadiondan almaq mümkün deyil. Bilet sahibi turniketi keçdikdən sonra yenidən qayıdarsa onun stadiona təkrar daxil olmasına icazə verilməyəcək.

Xatırladaq ki, UEFA Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final qarşılaşmasında Londonun “Arsenal” və “Çelsi” komandaları üz-üzə gələcəklər. Matç saat 23:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.