İDMAN


UEFA Avropa Liqasının final oyununa biletlər üçün müraciət mərhələsinə start verilib

Bakı, 7 mart, AZƏRTAC

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa biletlər üçün müraciət mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, martın 7-dən 21-dək davam edəcək müraciət mərhələsində hər kəs şəxsi hesabına (qeydiyyat üçün www.finalbaku2019.az/ticketing  linkinə daxil olmaq, UEFA-nın rəsmi saytına keçərək şəxsi bilet hesabını yaratmaq lazımdır) daxil olaraq bilet sifarişi üçün xüsusi formanı doldurmalı, biletin kateqoriyasını və sayını seçməlidir. Hər kəs özü də daxil olmaqla yalnız dörd bilet ala bilər.

Biletlər bir neçə kateqoriyada təqdim olunur. Dörd kateqoriya üzrə təqdim edilən biletlərin qiyməti müvafiq olaraq 140, 90, 50 və 30 avrodur. Bundan əlavə, fiziki qüsurlu insanlar üçün nəzərdə tutulan biletlər dördüncü kateqoriyaya aid ediləcək və 30 avro dəyərində olacaq. Oyuna qədər onları müşayiət edən bir nəfər üçün bilet pulsuz veriləcək. Gənclər üçün təqdim olunacaq paketin qiyməti 60 avrodur. Bu paketə ikinci kateqoriyalı iki bilet (biri böyük, biri isə 14 yaşdan kiçik yeniyetmə üçün dördüncü kateqoriya güzəştində olan bilet) daxildir. Bundan başqa, 400 ədəd gənclər paketi (800 bilet) də satışda olacaq.

Final oyununa bilet üçün müraciət edənlərin sayı satışa buraxılan bilet sayını keçərsə, UEFA bilet satışını lotereya sistemi vasitəsilə aparacaq. Müraciət təsdiqlənərsə martın 28-dən aprelin 5-dək ödəniş etməklə lotereyada alıcıların adlarına çıxan bileti almaq mümkün olacaq. Həmin tarixlərdə ödəniş edilmədikdə yerdə qalan biletlər yenidən satışa buraxılacaq.

Alınan biletlər mayın 21-dən mobil telefonlara göndəriləcək. Bunun üçün mobil telefonlara UEFA-nın saytından xüsusi tətbiqi yükləmək lazımdır. Digər şəxslər üçün alınan biletlər də mobil telefona göndərilə bilər. Bunun üçün həmin şəxslər UEFA-nın rəsmi saytında qeydiyyatdan keçməli və şəxsi hesablarını yaratmalıdırlar.

Oyun günü stadiona giriş zamanı mobil bileti aktivləşdirmək lazımdır. Bunun üçün mobil telefon IOS və ya Android sistemini dəstəkləməlidir. Biletlərin aktivləşdirilməsi ilə bağlı ətraflı məlumat www.finalbaku2019.az  saytında yerləşdiriləcək.

Xatırladaq ki, final qarşılaşması üçün nəzərdə tutulan 64 min biletdən 37 min 500-ü ümumi satışa buraxılacaq. Qalan biletlər isə yerli təşkilat komitəsi, milli assosiasiyalar, maliyyə tərəfdaşları, kütləvi informasiya vasitələri (yayımçılar), eləcə də finalçı klubların azarkeşləri üçün ayrılacaq.

Bilet satışı və qeydiyyat prosesi ilə bağlı əlavə suallar yaranarsa, https://support.tickets-uelfinal.uefa.com/hc/az/requests/new  linkinə daxil olaraq, UEFA-nın müştəri xidmətlərinə Azərbaycan dilində yazıb müraciət etmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.