CƏMİYYƏT
UEFA Avropa Liqasının final oyununun tibbi təminatının təşkili ilə əlaqədar əmr imzalanıb
Bakı, 11 mart, AZƏRTAC
Səhiyyə naziri Oqtay Şirəliyev “Futbol üzrə UEFA Avropa Liqasının final oyununun tibbi təminatı barədə” əmr imzalayıb. Əmr “Futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Səhiyyə Nazirliyi haqqında Əsasnaməsinin müvafiq bəndini rəhbər tutaraq imzalanıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əmrdə müvafiq şöbə və qurum rəhbərlərinə final oyununun keçiriləcəyi Bakı Olimpiya Stadionunda matç zamanı təcili tibbi yardım maşınlarının növbətçiliyini təmin edilməsi, həmin müddətdə ehtiyac yarandığı halda idmançıların və qonaqların hospitalizasiyasının müvafiq olaraq Bakı şəhər Kliniki Tibbi Mərkəzdə həyata keçirilməsini təmin etmək, habelə, tibb müəssisə və idarələrinin rəhbərlərinə oyun iştirakçılarının və qonaqların müraciəti əsasında onlara yüksək səviyyəli tibbi yardımın göstərilməsinə dair tapşırıqlar verilir.
Əmrdə, həmçinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə nümayəndə heyətləri üçün ayrılan mehmanxana və iaşə müəssislərində sanitariya–gigiyena qaydalarına əməl olunması məsələlərinin ciddi nəzarətə götürülməsi tapşırılır.