İDMAN
UEFA Belarusdan olan çoxuşaqlı atanı mükafatlandırıb
Minsk, 16 sentyabr, AZƏRTAC
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Jabinkadan (Belarus) olan dörd uşaq atası Yuri Beletskini mükafata layiq görüb.
AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, UEFA mükafatlarının qalibləri Afinada UEFA-nın növbəti konqresində Kütləvi Futbol Gününə yekun vurularkən elan edilib. “Ən yaxşı lider” nominasiyasında birinci yeri əvvəllər idmanın bu növü ilə məşğul olmağa, mütəşəkkil qaydada futbol oynamağa, başqa şəhərlərin komandaları ilə görüşməyə və yaşıdları ilə ünsiyyət saxlamağa imkanları olmayan uşaqlar üçün lazımi şərait yaratmış belaruslu Yuri Beletski tutub.
Y.Beletski deyib: “Mənim dörd uşağım var. Böyük övladlarım futbolu çox sevirdilər, lakin Jabinkada futbolla məşğul olmaq üçün şərait yox idi, onları başqa şəhərə aparmalı olurdum. Sonra məşqləri öz şəhərimizdə təşkil etməyi qərara aldıq. Əvvəlcə məşqləri mən özüm aparırdım, amma sonra məşqçi tapıldı. İndi bizim komandamız ictimai birlik kimi qeydiyyata alınıb, təxminən 60 uşaq stadionda məşqə gəlir”.
UEFA nümayəndələri “Ən yaxşı klub” nominasiyasında da qalibi müəyyən ediblər. Bu, Belçikanın “RWDM Girls” klubu olub. Avstriya Futbol İttifaqının “Ofsaydsız oyna” aksiyası immiqrant icmalarından olan insanların Avropa cəmiyyətinə inteqrasiyasına yönəlmiş ən yaxşı layihə hesab edilib. Bu layihə sayəsində futbol insanları birləşdirir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk