İDMAN
UEFA Çempionlar Liqası: “Qarabağ”-“Atletiko Madrid” oyununda hesab açılmayıb YENİLƏNİB VİDEO
Bakı, 18 oktyabr, AZƏRTAC
Komandaların səylərinə baxmayaraq, oyunda hesab açılmayıb və “Qarabağ” klubu UEFA Çempionlar Liqasında ilk xalını qazanıb.
20:50
“Qarabağ”-“Atletiko Madrid” oyununun birinci hissəsi qolsuz heç-heçə ilə başa çatıb.
20:01
Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində oktyabrın 18-də saat 20:00-da “Qarabağ”-“Atletiko Madrid” oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən oyunu fransalı baş hakim Ruddi Buquet idarə edir.
Ağdam təmsilçisinin start heyətində meydana İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Pedro Enrike, Mahir Mədətov, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqolli və Bədavi Hüseynov çıxıblar.
Madrid təmsilçisinin ilk on birliyində isə Yan Oblak, Dieqo Qodin, Filipe Luis, Antonio Qrizman, Saul Nigez, Yannik Karrasko, Qabi, Şime Vrsaliko, Kevin Qameyro, Nikolas Qaytan və Xose Mariya Ximenes yer alıblar.
Bu qrupun digər oyununda “Çelsi” komandası “Roma”nı qəbul edəcək.
Qeyd edək ki, “Qarabağ” əvvəlki oyunlarda səfərdə “Çelsi”yə 0:6, doğma meydanda isə “Roma”ya 1:2 hesabı ilə məğlub olub.
Hesabında 6 xal olan “Çelsi” qrupda birinci pillədə qərarlaşıb. “Roma” 4 xalla ikinci, “Atletiko Madrid” 1 xalla üçüncü, hesabında xal olmayan “Qarabağ” isə sonuncudur.