İDMAN


UEFA Çempionlar Liqası: “Qarabağ” komandası Bakıda “Viktoriya Plzen” ilə qarşılaşır

Bakı, 17 avqust, AZƏRTAC

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Ağdamın “Qarabağ” klubu Tofiq Bəhramov adına Respublika stadionunda Çexiyanın “Viktoriya Plzen” komandası ilə qarşılaşır.

AZƏRTAC xəbər verir ki, “Qarabağ”ın heyətində meydana Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Marko Yankoviç, Bəhlul Mustafazadə, Toral Bayramov, Marko Veşoviç, Bədavi Hüseynov, Kadi Borges, Abdullah Zubir, Ramil Şeydayev və İbrahima Vadji çıxıblar.

“Viktoriya Plzen”in start heyətində Yindrjix Stanek, Lukaş Heyda, Ludek Pernitsa, Yan Sikora, Yan Kopits, Pavel Buxa, Vatslav Yemelka, Lukaş Kalvax, Milan Havel, Con Moskera və Tomaş Xori yer alıblar.

UEFA Çempionlar Liqasının himni səsləndikdən sonra sloveniyalı baş hakim Slavko Vinçiç oyuna start verib.

Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki “Dusan Arena”da oynanılacaq. Həmin matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu turu keçən komanda mübarizəni UEFA Çempionlar Liqasının qrup mərhələsində davam etdirəcək. Məğlubiyyətə uğrayan klub isə UEFA Avropa Liqasının qrup oyunlarına qatılacaq.

Xatırladaq ki, Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının təsnifat mərhələlərində müvafiq olaraq, Polşanın “Lex”, İsveçrənin “Sürix” və Macarıstanın “Ferentsvaroş” komandalarını mübarizədən kənarlaşdırıb.

Yarışa ikinci təsnifat mərhələsindən qoşulan Çexiya çempionu isə əvvəlcə Finlandiyanın “HJK Helsinki”, sonra Moldovanın “Şerif” komandasına qalib gələrək “Qarabağ”ın rəqibi olub.

Xatırladaq ki, “Qarabağ” və “Viktoriya Plzen” komandaları indiyədək avrokuboklarda bir dəfə qarşılaşıblar. UEFA Çempionlar Liqasının 2016-2017-ci il mövsümünün üçüncü təsnifat mərhələsindəki qarşılaşmada Çexiyadakı ilk görüş qolsuz heç-heçə ilə başa çatmışdı. Bakıda isə 1:1 hesabı ilə nəticələnən oyundan sonra “Viktoriya Plzen” səfər qolu sayəsində növbəti mərhələyə yüksəlmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.