UEFA Çempionlar Liqası: "İnter” və "Barselona" doğma meydanda qalib gəliblər
AzerTAg.az
Bakı, 18 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Sentyabrın 18-də futbol üzrə UEFA Çempionlar Liqasının birinci turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun ilk oyunu B qrupunda oynanılıb. İtaliyada "San-Siro" stadionunda keçirilən qarşılaşmada meydan sahibi "İnter" İngiltərənin "Tottenhem" klubunu qəbul edib. İlk dəqiqələrdən hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.
Qonaqlar matçın 53-cü dəqiqəsində hesabı açıb. Kristian Eriksen adını tabloya yazdırıb. Qoldan sonra hücuma keçən meydan sahibləri matçın 86-cı dəqiqəsində hesaba tarazlıq gətirib. Kvadro Asamoanın ötürməsini Mauro İkardi dəyərləndirib. Oyunun əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə isə Matias Veçino “İnter”ə qələbə qazandırıb - 2:1.
B qrupunun digər oyunu "Nou Kamp"da baş tutub. Hollandiyanın PSV klubu İspaniyanın "Barselona" komandasının qonağı olub. İlk hissədə aşkar üstünlüyə sahib olan kataloniyalılar rəqib qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Oyunda hesab 32-ci dəqiqədə açılıb. Lionel Messi hakimin təyin etdiyi cərimə zərbəsini dəqiq yerinə yetirib. Bu, Messinin karyerasında UEFA Çempionlar Liqasında vurduğu 101-ci qol olub. "Barselona" klubu fasiləyə 1:0 hesabı ilə üstünlüklə yollanıb.
Fasilədən sonra yenidən oyuna nəzarət edən Ernesto Valverdenin yetirmələri 75-ci dəqiqədə hesabı artırıb. Osman Dembele uzaq məsafədən vurduğu zərbə ilə baxımlı qola imza atıb. Qoldan iki dəqiqə sonra "Barselona" klubu hesab arasındaki fərqi üç topa çatdırıb. Komandanın kapitanı Lionel Messi dublunu rəsmiləşdirib. Matçın 79-cu dəqiqəsində Kataloniya təmsilçinin müdafiəçisi Samuel Umtiti qayda pozuntusuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Daha sonra Lionel Messi qapıçı ilə təkbətək qalaraq komandasının dördüncü, özünün isə üçüncü qolunu vurub. Görüş 4:0 hesabı ilə "Barselona"nın qələbəsi ilə başa çatıb.



Xəbərin mətnində orfoqrafik səhv var