İDMAN
UEFA Çempionlar Liqası: "Qarabağ" klubu "Kukesi"nin qapısından üç cavabsız top keçirib YENİLƏNİB 2
Bakı, 1 avqust, AZƏRTAC
Matçın ikinci hissəsində də üstün oyun nümayiş etdirən ağdamlılar 52-ci dəqiqədə rəqibin sayca azlıqda qalmasından məharətlə istifadə edərək hesab arasındakı fərqi iki topa çatdırıblar. Rəqib komandanın heyətində Alba Ala qırmızı vərəqə ilə cəzalandırılaraq meydanı tərk edib. Dani Kintana qonaqların qapısına təyin olunan 11 metrlik ikinci cərimə zərbəsini də dəqiq yerinə yetirib - 2:0.
Lakin bu da oyunda sonuncu qol olmayıb.
Görüşün əsas vaxtının başa çatmasına bir dəqiqə qalmış "Qarabağ" komandası "Kukesi" nin qapısına üçüncü dəfə yol tapıb. Ağdamlıların yeni transferi Çin Delarj oyunda son nöqtəni qoyub.
Beləliklə, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində iki oyunun nəticəsinə görə 3:0 hesabı ilə qalib gələn "Qarabağ" növbəti mərhələyə vəsiqə qazanıb.
Ağdamlıların növbəti mərhələdə rəqibi Belarusun "BATE Borisov" komandası olacaq.
21:51
Oyunun ilk hissəsi Ağdam təmsilçisinin minimal hesablı üstünlüyü ilə başa çatıb.
İlk hissədə yeganə qol qarşılaşmanın 24-cü dəqiqəsində vurulub. Belə ki, cərimə meydançasında İnosent Emeqaraya qarşı kobudluğu hakim 11 metrlik cərimə zərbəsi kimi qiymətləndirib. Topa yaxınlaşan Dani Kintana fürsəti əldən verməyib - 1:0.
21:00
Futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab matçında Ağdamın “Qarabağ” klubu Tofiq Bəhramov adına Respublika Stadionunda Albaniyanın “Kukesi” komandası ilə qarşılaşır.
AZƏRTAC xəbər verir ki, “Qarabağ”ın start heyətində Vaqner, Qara Qarayev, Maksim Medvedev, Simeon Slavçev, İnosent Emeqara, Miçel, Dani Kintana, Rəşad Sadıqov, Abdella Zubir, Bədavi Hüseynov, Donald Gerye yer alıblar.
“Kukesi”nin ilk onbirliyində isə meydana Stivi Fraşeri, Yuli Şameti, Alba Ala, Arber Çirbya, Sebino Plaku, Harallamb Qaqi, Simo Rumbullaki, Besar Musolli, Edis Malikyi, Vilyam Kordeyro və İrakli Dzaria çıxıblar.
Oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edir. Görüşün baş hakimi Peter Kraloviçdir. Ona Miroslav Benko, Erik Veiss kömək edirlər. Dördüncü hakim funksiyasını isə Patrik Hrçka yerinə yetirir.
Bu komandalar arasında ilk görüş qolsuz heç-heçə ilə başa çatıb. “Qarabağ” komandası “Kukesi” səddini keçəcəyi təqdirdə BATE (Belarus) – HİK (Finlandiya) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək. Məğlubiyyətə uğrayan komanda isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Torpedo” (Gürcüstan) – “Vikinqur” (Farer adaları) matçında üstün olan klubla qarşılaşacaq.
Foto: Tofiq Babayev