İDMAN
UEFA Çempionlar Liqasında yeni mövsümün pley-off mərhələsinə start verilir
Bakı, 16 avqust, AZƏRTAC
Avqustun 16-da UEFA Çempionlar Liqasında 2016-2017-ci il mövsümünün pley-off mərhələsinə start verilir.
AZƏRTAC xəbər verir ki, pley-off mərhələsinin ilk günündə beş qarşılaşma oynanılacaq.
Əsas oyunlardan biri Rumıniyada keçiriləcək. Sonuncu mövsümdə UEFA Çempionlar Liqasının yarımfinalınadək irəliləyərək tarixinin ən yaxşı nəticəsini göstərən “Mançester Siti” komandası Ruminıyada “Steaua Buxarest”in qonağı olacaq.
Görüşlərdən əvvəl təşkil olunan mətbuat konfransında “Mançester Siti” komandasının yeni baş məşqçisi Pep Qvardiola səfər matçında qələbə qazanmaq istədiklərini deyib: “Onların yaxşı oyunçuları və çılğın azarkeşləri var. Bu matçın bizim üçün çətin olacağını bilirəm. Lakin biz Rumıniyaya məğlub olmaq üçün gəlməmişik. “Mançester Siti” hər oyuna qələbə qazanmaq üçün çıxır. İnanıram ki, komandamız bu vəzifənin öhdəsindən layiqincə gələcək”.
“Steaua Buxarest”in baş məşqçisi Lorenti Riqekamp isə komandasının növbəti mərhələyə çıxmaq imkanlarından danışıb: “Dünyanın ən yaxşı komandalarından biri ilə qarşılaşacağıq. Pep Qvardiolanın inanılmaz nəticələri var və o, dünyanın bir nömrəli məşqçisidir. Lakin bütün bunlara baxmayaraq, əlimizdən gələni edəcəyik ki, mərhələni adlayan tərəf olaq. Çoxları üçün bu inandırıcı görünməsə də, futbolda hər an matçın taleyi dəyişə bilər. Doğma meydandakı oyunda qələbə qazanıb səfər matçına sərfəli nəticə ilə çıxmaq istəyirik”.
Günün digər qarşılaşmalarında “Kopenhaqen” (Danimarka) - “Apoel” (Kipr), “Dinamo” Zaqreb (Xorvatiya) – “Red Bull Zaltsburq” (Avstriya), “Ayaks” (Niderland) - “Rostov” (Rusiya), “Yanq Boyz” (İsveçrə) – “Borussiya Mönxenqladbax” (Almaniya) komandaları üz-üzə gələcək.
Görüşlər Bakı vaxtı ilə sat 22:45-də başlayacaq.
Pley-off mərhələsinin digər 5 qarşılaşması avqustun 17-də keçiriləcək.