İDMAN


UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə start verilib

Bakı, 10 aprel, Nicat Məmmədov, AZƏRTAC

Aprelin 9-da UEFA Çempionlar Liqasının 2018-2019-cu illər mövsümünün dörddəbir final mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Turnirin son finalçısı İngiltərənin “Liverpul” komandası doğma azarkeşlər önündə Portuqaliyanın “Porto” klubunu qəbul edib.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Yurgen Klopun yetirmələrinin heyətində Nəbi Keyta (5) və Roberto Firmino (26) fərqləniblər.

Bu komandalar ardıcıl ikinci mövsüm UEFA Çempionlar Liqasında qarşılaşıblar. İngilislər ötən mövsüm səkkizdəbir final mərhələsində rəqibini səfərdə Sadio Manenin het-triki və Məhəmməd Salahla Roberto Firminonun qolları ilə 5:0 hesabı ilə məğlub edib. “Enfild”dəki görüşdə isə hesab açılmayıb.

Xatırladaq ki, “Liverpul” səkkizdəbir finalda Almaniya təmsilçisi “Bavariya”nı mübarizədən kənarlaşdırıb (0:0, 3:1). “Portu” isə “Roma” (İtaliya) səddini adlayıb (1:2, 3:1).

Günün digər oyununda iki ingilis klubu qarşılaşıb. “Tottenhem” və “Mançester Siti” komandaları tarixlərində ilk dəfə avrokubokda üz-üzə gəliblər.

“Tottenhem Hotspur”da baş tutan görüşdə London təmsilçiləri minimal hesabla qələbə qazanıb - 1:0. Görüşdə yeganə qolun müəllifi 78-ci dəqiqədə Heung-Min Son olub. Matçın 13-cü dəqiqəsində “Mançester Siti”nin hücumçusu Serxio Aquera 11 metrlik cərimə zərbəsini yerinə yetirə bilməyib.

Qeyd edək ki, hər iki kollektiv səkkizdəbir finalda Almaniya təmsilçisini mübarizədən kənarlaşdırıb. Londonlular “Borussiya Dortmund”dan (3:0, 1:0), “şəhərlilər” isə “Şalke”dən (3:2, 7:0) üstün olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.