İDMAN
UEFA Çempionlar Liqasının final matçı ilə əlaqədar Kiyevdə ciddi təhlükəsizlik tədbirləri görüləcək
Kiyev, 18 may, AZƏRTAC
UEFA Çempionlar Liqasının mayın 26-də Kiyevdə keçiriləcək final oyunu zamanı terror aktlarının baş verməməsi üçün “Olimpiya” stadionunun ətrafında avtomobillər yoxlanılacaq, arenanın yaxınlığında yaşayan insanlar pasport qeydiyyatına görə buraxılacaqlar.
AZƏRTAC xəbər verir ki, bunu Ukraynanın nəqliyyat üzrə meneceri Sergey Xijnyak mayın 17-də keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, stadion ətrafında yaşayan insanlar pasport qeydiyyatını göstərmədən buraxılmayacaqlar. Şəhər sakinlərinə final oyunu günü şəxsi avtomobillərindən istifadə etməməsi tövsiyə edilib.
Ukrayna Nazirlər Kabineti hüquq mühafizə orqanlarına mayın 18-dən 28-dək Kiyevdə terror təhlükəsi olan ərazilərdə gücləndirilmiş iş rejiminin tətbiqinə dair göstəriş verib. Bu müddətdə Ukrayna hüquq mühafizə orqanlarının 10 mindən artıq əməkdaşı şəhərin təhlükəsizliyini qoruyacaq.
Final matçında azarkeşlərin metrodan pulsuz istifadəsi üçün UEFA Ukrayna hökumətinə 100 min avro pul ayırıb.
UEFA Çempionlar Liqasının final oyununda “Real” və “Liverpul” komandaları üz-üzə gələcəklər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev