İDMAN


 UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turuna start verilib

Bakı, 2 dekabr, AZƏRTAC

Dekabrın 1-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turuna start verilib.

AZƏRTAC xəbər verir ki, başa çatan 8 oyundan sonra daha 2 klub pley-offa vəsiqə qazanıb.

C qrupunda İngiltərənin “Mançester Siti” klubundan sonra Portuqaliyanın “Portu” klubu da mərhələ adlayıb. Evdə “şəhərlilər”lə qolsuz heç-heçə edən “əjdahalar” səkkizdəbir finala yüksəlib.

D qrupunda İngiltərənin “Liverpul” klubu Niderlandın “Ayaks” klubunu minimal hesabla məğlub edərək, sona 1 tur qalmış növbəti mərhələyə çıxmağı təmin edib. Qrupun digər oyununda “Atalanta” və “Midtüllan“ klubları qarşılaşıb. Həmin görüşdə qalib müəyyənləşməyib - 1:1.

B qrupunda yer alan, turnirin favoriti sayılan “Real Madrid” klubu səfərdə Ukraynanın “Şaxtyor Donetsk” komandasının qonağı olub. “Olimpiyskiy” stadionunda baş tutan görüş gözlənilmədən meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Donetsk təmsilçisinin heyətində Detinyo və Manor Solomon fərqləniblər.

Qrupun digər oyununda “İnter” səfərdə “Borussiya Mönhenqladbax” klubunu 3:2 hesabı ilə məğlub edib.

Bu qrupda mübarizə davam edir. Belə ki, “Borussiya”nın 8, “Şaxtyor”un və “Real Madrid” in 7, “İnter”in isə 5 xalı var. Qrupun taleyi son turda həll olunacaq.

A qrupunda yer alan Rusiyanın “Lokomotiv” klubu öz meydanında Avstriyanın “Zaltsburq” klubunu qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər oyununda “Atletiko Madrid” öz meydanında “Bavariya” ilə heç-heçə edib - 1:1. Beş turdan sonra “Bavariya”nın 13 xalı var, “Atletiko Madrid”in 6, “Zaltsburq”un 4, “Lokomotiv”in isə üç xalı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.