İDMAN
UEFA İcraiyyə Komitəsinin iclası və Konqresi Romada keçiriləcək
Bakı, 6 fevral, Nicat Məmmədov, AZƏRTAC
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsinin iclası və növbəti Konqresi fevralın 7-də Romada keçiriləcək. Rəsmi görüş İcraiyyə Komitəsinin bu il keçirəcəyi ilk tədbir olacaq.
AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, Avropa futbolu hərəkatının vektorunun müəyyən ediləcəyi iclas böyük əhəmiyyət daşıyır. Təşkilatın 2019-2024-cü illər üçün olan dövrdə inkişaf strategiyası gündəlikdə duran əsas məsələdir. Tədbirin gündəliyində qadın futbolunun inkişafı strategiyasının müzakirəsi də yer alıb.
İcraiyyə Komitəsinin iclasında klub turnirlərinin və yığma komandaların 2019-2020-ci illər üçün yarışlarının reqlamentləri də təsdiq ediləcək. Onların arasında Çempionlar liqası, Avropa liqası və UEFA superkuboku da var. Gənclər arasında 2019-2021-ci illər Avropa çempionatının final turnirinin formatı da təsdiq olunacaq. Bununla yanaşı, UEFA və Avropa Klubları Assosiasiyası arasında qarşılıqlı anlaşmaya dair Memorandum imzalanacaq. Onun məqsədi yaxın dövrdə iki təşkilat arasında münasibətlərin möhkəmləndirilməsidir.
“Avro-2020” turnirinə hazırlıq məsələləri də müzakirə olunacaq. 2020-ci ildə ilk Avropa çempionatının keçirilməsinin 60 ili tamam olur və bu münasibətlə çempionat Avropanın 12 şəhərində keçiriləcək.
Fevralın 7-də keçiriləcək UEFA-nın sayca 43-cü Konqresində təşkilatın prezidentinin də seçkiləri keçiriləcək. Səsvermə alternativsiz əsasda olacaq. Təşkilata 2016-cı ildən rəhbərlik edən sloveniyalı Aleksander Çeferin yeganə namizəddir. Müraciətlərin təqdim edilməsinin son müddəti ötən il noyabrın 7-də olub. Lakin Çeferindən başqa heç kim bu vəzifəyə öz namizədliyini irəli sürməyib.
Eyni zamanda, UEFA İcraiyyə Komitəsinin üzvlərinin də seçkiləri keçiriləcək. Aralarında ən azı bir qadının da olacağı səkkiz üzv dördillik müddətə seçiləcək. Müraciətlərin təqdim edilməsinin son müddəti ötən il dekabrın 7-si olub və 8 yerə 11 namizəd qeydə alınıb.
Konqresdə Beynəlxalq Futbol Federasiyası (FIFA) Şurasına da seçkilər keçiriləcək. FIFA-nın vitse-prezidenti vəzifəsinə alternativsiz əsasda Macarıstan təmsilçisi Çanyi Şandor seçilir.
Seçkilərdən sonra Konqres nümayəndələri 2017-2018-ci illərin yekunu və maliyyə göstəricilərini müzakirə və təsdiq edəcək, 2019-2020-ci illər üçün büdcəni imzalayacaqlar. Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin növbəti görüşü mayın 29-da Bakıda keçiriləcək.