İDMAN
UEFA KUBOKU TURNİRİNİN FİNALÇILARI MƏLUM OLMUŞDUR
Bu, aprelin 27-də “Sevilya”-“Şalke-04” (Almaniya) və “Middlsbro”-“Styaua” (Rumıniya) klubları arasındakı yarımfinal mərhələsinin cavab görüşlərindən sonra məlum olmuşdur.
İspanlar oyuna əlavə edilmiş vaxtda - 101-ci dəqiqədə vurduqları yeganə topun hesabına qələbə çalaraq (1:0) finala vəsiqə qazanmışlar. Qeyd edək ki, Almaniyanın Gelzenkirxen şəhərində keçirilmiş ilk görüşdə hesab açılmamışdı - 0:0.
“Middlsbro” isə cavab görüşündə əsil idman qəhrəmanlığı göstərmişdir. İlk görüşdə öz meydançasında minimal hesabla (1:0) qalib gəlmiş rumınlar, İngiltərədə keçirilən oyunun 24-cü dəqiqəsində 2:0 hesabı ilə irəli çıxmışlar. Lakin ingilislər oyunda dönüş yaradaraq, 4:2 hesabı ilə qələbə qazanmışlar. Qeyd edək ki, onları rəsmən finala çıxaran 4-cü topu ingilislər görüşün 89-cu dəqiqəsində vurmuşlar. Bu, “Middlsbro” klubu futbolçularının 2005-2006-cı il UEFA kuboku turniri yarışlarında heç də yeganə idman fədakarlığı olmamışdır. Turnirin dörddəbir final mərhələsində ilk oyunda İsveçrənin “Bazel” klubuna 0:2 hesabı ilə uduzmuş ingilislər, öz meydançalarında keçirilmiş cavab görüşünün əvvəlində yenə də geridə olmasına (0:1) baxmayaraq, görüşün sonunda (90-cı dəqiqədə) qol vuraraq, lazımi qələbəni əldə etmişdilər - 4:1.