İDMAN
UEFA Konfrans Liqası: “Qarabağ” səfərdə “Ominiya” ilə qarşılaşacaq
Bakı, 30 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Azərbaycanı avrokuboklarda yeganə təmsilçisi “Qarabağ” klubu UEFA Konfrans Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində sentyabrın 30-da səfərdə Kiprin “Omoniya” komandasının qonağı olacaq.
AZƏRTAC xəbər verir ki, Nikosiyada oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu FIFA referisi Bobbi Maddenin rəhbərliyi ilə Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Ağdam təmsilçisi meydana itkilərlə çıxacaq. Oyundan iki gün əvvəl əzələsi dartılan İsmayıl İbrahimli, zədədən sonra məşqlərə yenicə başlayan Bədavi Hüseynov və Elvin Cəfərquliyev, əməliyyat olunan Xayme Romero meydana çıxa bilməyəcəklər.
Meydan sahiblərinin heyətində isə Miks Diskerud və Yannis Kusulosun matçı buraxacaqları dəqiqləşib. Erik Boteakın durumu isə hələlik bəlli deyil.
“Qarabağ” birinci turda Bakıda “Bazel”, “Omoniya” isə Qazaxıstanda “Kayrat” ilə qolsuz heç-heçə edib. H qrupunun digər görüşündə “Bazel” komandası “Kayrat”ı qəbul edəcək.