İDMAN


UEFA Millətlər Liqası: Niderland futbolçuları Almaniya millisinə böyük hesabla qalib gəlib

Bakı, 14 oktyabr, AZƏRTAC

Oktyabrın 13-də UEFA Millətlər Liqasında növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, turun mərkəzi qarşılaşması A liqasının birinci qrupunda oynanılıb. Hollandiya yığması doğma meydanda beşqat dünya çempionu Almaniya seçməsini qəbul edib. Oyunun favoriti sayılan Almaniya millisi ilk dəqiqələrdən rəqibin qapısı önündə bir neçə təhlükəli vəziyyətlər yaradıb. Buna baxmayaraq, hesabı meydan sahibləri açıb. Qarşılaşmanın 30-cu dəqiqəsində Ryan Babelin künc ötürməsini Van Dijk dəqiq baş zərbəsi ilə tamamlayıb.

Buraxılan qoldan sonra irəli atılan alman futbolçuların hesabı dəyişmək cəhdləri nəticəsiz qalıb. Matçın 87-ci dəqiqəsində qonaqları əks-hücumda yaxalayan hollandlar hesab arasındaki fərqi artırıblar. Belə ki, Quincy Promes sağ cinahla irəliləyərək cərimə meydançasında nəzarətsiz qalan Menfis Depaya ötürmə edib, sonuncu dəqiq zərbə ilə adını tabloya yazdırıb - 2:0. Bu da oyunda son qol olmayıb. Baş hakim türkiyəli Çüneyt Cakırın əsas vaxta əlavə etdiyi dəqiqələrdə (90+2) Vijnaldum komandasının üçüncü qolun vurub. Beləliklə, Hollandiya millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb.

Hazırda A liqasının birinci qrupunda turnir cədvəlinə 4 xalla son dünya çempionu Fransa yığması başçılıq edir. Aktivində 3 xalı olan Hollandiya millisi ikinci, bir xala malik Almaniya seçməsi isə üçüncü yerdədir.

D liqasının dördüncü qrupunda yer alan Ermənistan millisi UEFA Millətlər Liqası çərçivəsində ikinci məğlubiyyətə uğrayıb. Ermənilər qrup mərhələsinin üçüncü turunda FİFA reytinqində 198-ci pillədə qərarlaşmış Cəbəllütariq millisinə uduzublar. Bu, Cəbəllütariq komandasının öz tarixi ərzində rəsmi oyunlarda qazandığı ilk qələbə olub.

Oktyabrın 13-də keçirilən digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

B liqası 1-ci qrup

Slovakiya - Çexiya - 1:2

B liqası 4-cü qrup

İrlandiya - Danimarka - 0:0

C liqası 3-cü qrup

Norveç - Sloveniya - 1:0

Bolqarıstan - Kipr - 2:1

D liqası 1-ci qrup

Gürcüstan - Andorra - 3:0

Latviya - Qazaxıstan - 1:1

D liqası 4-cü qrup

Makedoniya - Lixtenşteyn - 4:1.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.