İDMAN


UEFA Millətlər Liqasında növbəti oyunlar keçirilib

Bakı, 13 oktyabr, AZƏRTAC

Oktyabrın 12-də futbol üzrə UEFA Millətlər Liqasında üçüncü turun növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, turun mərkəzi qarşılaşması Xorvatiyanın paytaxtı Zaqrebdə oynanılıb. Rusiyada keçirilən sonuncu dünya çempionatının finalçısı, A liqasının 4-cü qrupunda yer alan Xorvatiya millisi doğma meydanda İngiltərə yığması ilə qarşılaşıb. Oyun qolsuz heç-heçə ilə başa çatıb. Hazırda bu qrupa 6 xalla İspaniya yığması başçılıq edir. İngiltərə və Xorvatiya yığmalarının hər birinin 1 xalı var.

Digər maraqlı qarşılaşmalardan biri A liqasının 2-ci qrupunda oynanılıb. Sonuncu dünya çempionatının bürünc medalçısı Belçika yığması İsveçrə millisini 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Bundan əvvəl İslandiyanı 3:0 hesabı ilə məğlub edən Belçika qrupda liderdir. İsveçrə isə İslandiya üzərində 6:0 hesablı qələbə sayəsində ikinci sırada yer alıb.

B liqasının 3-cü qrupunda yer alan Avstriya seçməsi Şimali İrlandiya yığmasına minimal hesabla qalib gələrək qrupda ikinci yerdə qərarlaşıb. Bosniya və Herseqovina 6 xalla qrupda birinci, xalsız Şimali İrlandiya yığması isə sonuncu sıradadır.

C liqasının 2-ci qrupunda iki qarşılaşma oynanılıb. Finlandiya millisi səfərdə Estoniyanı, Yunanıstan seçməsi isə doğma meydanda Macarıstanı 1:0 hesabı ilə məğlub edib. Üç turdan sonra bu qrupa 9 xalla Finlandiya millisi başçılıq edir. Yunanıstanın 6, Macarıstanın 3 xalı var. Estoniya yığması hər üç oyunda məğlub olub.

D liqasının 2-ci qrupunda Belarus-Lüksemburq və Moldova-San-Marino görüşləri keçirilib. Hər iki görüşdə ev sahibləri qələbə qazanıblar. Belarus millisi 1:0, Moldova yığması isə 2:0 hesabı ilə qalib gəlib. Belarus yığması bu qələbə sayəsində xal ehtiyatını 7-yə çatdıraraq qrupda liderliyi ələ keçirib. Lüksemburq millisi 6 xalla ikinci, Moldova seçməsi 4 xalla üçüncü pillədə yer alıb. Hər üç oyunda məğlub olan San-Marino yığması rəqib qapılarına bir top belə vura bilməyib.

Xatırladaq ki, UEFA Millətlər Liqasının D liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi ötən gün səfərdə Farer Adalarını 3:0 hesabı ilə məğlub edib. Milli komandamız bu qələbə sayəsində qrupda 5 xalla ikinci sıraya yüksəlib. Qrupa aktivində 7 xal olan Kosovo yığması başçılıq edir. Farer Adaları 3 xalla üçüncü, Malta millisi isə 1 xalla sonuncudur.

Azərbaycan millisi qrupda növbəti oyununu oktyabrın 14-də Bakı Olimpiya Stadionunda Malta yığmasına qarşı keçirəcək. Görüş saat 20:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.