İDMAN


UEFA Super Kuboku uğrunda oyunda “Real Madrid” komandası “Ayntraxt”la qarşılaşır

Bakı, 10 avqust, AZƏRTAC

Finlandiyanın paytaxtı Helsinkidə UEFA Super Kuboku uğrunda oyun keçirilir.

AZƏRTAC xəbər verir ki, Helsinki Olimpiya Stadionunda təşkil olunan matçda İspaniyanın “Real Madrid” və Almaniyanın “Ayntraxt” (Frankfurt) komandaları qarşılaşırlar.

Avropanın iki ən nüfuzlu klub turnirinin qalibinin üz-üzə gəldiyi görüşü FIFA referisi ingiltərəli Maykl Oliver idarə edir.

Qeyd edək ki, baş məşqçi Karlo Ançelottinin kollektivi UEFA Çempionlar Liqası, “Ayntraxt”ın baş məşqçisi Oliver Qlasnerin futbolçuları isə UEFA Avropa Liqasının qalibi olduqları üçün Superkubok matçına vəsiqə qazanıblar.

Avropa futbol qurumu qarşılaşmada ilk dəfə “Yarı Avtomatlaşdırılmış Ofsayd Texnologiyası”nı tətbiq edəcək.

İndiyədək yeddi dəfə Superkubok oyununda iştirak edən “Real Madrid” bu matçlarda dörd dəfə qələbə əldə edib. “Ayntraxt” isə UEFA Super Kuboku kimi matça ilk dəfə çıxacaq.

Xatırladaq ki, bu komandalar 62 ildən sonra yenidən avrokubokların finalında üz-üzə gəlir. İspaniya və Almaniya təmsilçiləri daha əvvəl 1960-cı il mövsümündə UEFA Çempionlar Kubokunun Şotlandiyada keçirilmiş həlledici oyununda rəqib olublar. Həmin görüşdə 7:3 hesablı qələbə qazanan Madrid klubu ardıcıl dördüncü dəfə kuboka sahib olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.