İDMAN
UFC 229: Həbib Nurməhəmmədovla Konor Makqreqorun döyüşündən sonra zalda qalmaqal yaşanıb
Bakı, 7 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Oktyabrın 7-də qarışıq döyüş növlərinin (MMA) UFC kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən rusiyalı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasındakı döyüşdən sonra zalda qalmaqal yaşanıb.
AZƏRTAC xəbər verir ki, hakimlər 4-cü raundda rusiyalı döyüşçünün qələbəsini qeydə alıblar. H.Nurməhəmmədov 4-cü raundda boğucu fənd işlədib və bundan sonra K.Makqreqor təslim olub.
Beləliklə, Nurməhəmmədov yüngül çəkidə öz UFC çempionu titulunu qoruyub.
Döyüşdən sonra zalda qalmaqal baş verib. İrlandiyalı idmançının tərəfdarlarından birinin zaldan Nurməhəmmədova söz atmasından sonra rusiyalı samboçu rinqi tərk edərək azarkeşlə əlbəyaxa olub. Eyni zamanda, rinqdə Nurməhəmmədovun mühafizəçilərindən biri ilə Makqreqor arasında əlbəyaxa dava baş verib. Bütün bunlardan sonra irlandiyalı döyüşçü soyunub-geyinmə otağına aparılıb.
Sonda qalib Həbib Nurməhəmmədov elan olunsa da, ona çempion kəməri təqdim edilməyib.
Qeyd edək ki, bu, Nurməhəmmədovun karyerası ərzində keçirdiyi 27 döyüşdə qazandığı 27-ci qələbədir. O, 2017-ci ildə amerikalı El Yakvintanı məğlub edərək yüngül çəkidə çempion adını qazanmışdı.