İQTİSADİYYAT


ÜGT-nin Bakıda keçiriləcək informasiya texnologiyaları konfransı və sərgisinin tarixi məlum olub

Bakı, 30 iyun, AZƏRTAC

Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakıda keçiriləcək informasiya texnologiyaları konfransı və sərgisi 2019-cu il iyunun 12-14-də keçiriləcək.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Brüssel şəhərində Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya ilə görüşündə ÜGT-nin İKT sahəsində ən böyük tədbiri olan informasiya texnologiyaları konfransı və sərgisinin 2019-cu il iyunun 12-14-də Azərbaycanda keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Xatırladaq ki, Brüssel şəhərində Ümumdünya Gömrük Təşkilatı Gömrük Əməkdaşlıq Şurasının 132-ci sessiyası keçirilir.

Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdə ÜGT ilə Azərbaycan gömrük xidmətinin əməkdaşlığının hazırkı vəziyyətindən bəhs olunub.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ÜGT-nin bir sıra beynəlxalq tədbirlərinə Azərbaycanın ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib, eləcə də ÜGT-nin Regional Tədris və Regional Kinoloji mərkəzlərinin, Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Azərbaycandakı fəaliyyətinə toxunub.

ÜGT-nin baş katibi Kunio Mikuriya rəhbəri olduğu təşkilatda Azərbaycan Gömrük Xidmətinin rolunun yüksək qiymətləndirildiyini və ÜGT ilə Azərbaycan gömrük xidməti arasında əlaqələrin müsbət məcrada inkişafından razılığını ifadə edib, ÜGT-nin Azərbaycandakı üç regional qurumunun fəaliyyətinin səmərəliliyinin daha da artırılması ilə bağlı perspektivlərdən söhbət açıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.