İQTİSADİYYAT


ÜGT-nin Bakıdakı regional ofisinin səmərəliliyinin daha da artırılması ilə bağlı müzakirələr aparılıb

Bakı, 29 iyun, AZƏRTAC

Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakıdakı regional ofisinin səmərəliliyinin daha da artırılması ilə bağlı müzakirələr aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələr Ümumdünya Gömrük Təşkilatı Gömrük Əməkdaşlıq Şurasının növbəti sessiyasında iştirak etmək üçün Brüssel şəhərində səfərdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin iyunun 29-da keçirdiyi ikitərəfli görüşdə aparılıb.

ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə direktoru Ernani Checcucci ilə görüşdə Azərbaycan gömrük əməkdaşlarının potensialının artırılması, ixtisaslı kadrların hazırlanması istiqamətində görülən işlərdən, eyni zamanda, ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin fəaliyyətindən bəhs olunub. Ofisin bölgə ölkələrinin gömrük əməkdaşlarının peşə hazırlığının artırılmasındakı rolu vurğulanıb, indiyədək burada həm regional, həm də beynəlxalq tədbirlərin keçirildiyi bildirilib.

ÜGT ilə Azərbaycan gömrüyü arasında uzunmüddətli səmərəli əlaqələrin qurulduğunu qeyd edən Səfər Mehdiyev müxtəlif sahələrdə qarşılıqlı işgüzar münasibətlərin, xüsusilə də kadr potensialının gücləndirilməsilə bağlı məsələlərin daim diqqət mərkəzində saxlanıldığını deyib, gələcəkdə bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsinin vacibliyini bildirib.

ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə direktoru Ernani Checcucci təmsil etdiyi təşkilatla Azərbaycan gömrüyü arasında əlaqələrin müsbət məcrada inkişafından razılığını ifadə edib, ÜGT-nin Bakı şəhərindəki regional ofisinin fəaliyyətinin səmərəliliyinin daha da artırılması ilə bağlı perspektivlərdən söhbət açıb.

ÜGT ilə Azərbaycan gömrük xidməti arasında bütün sahələrdə geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu deyən Ernani Checcucci təmsil etdiyi qurumun gömrük əməkdaşlarının potensialının gücləndirilməsi istiqamətində bundan sonra da öz dəstəyini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.