İQTİSADİYYAT
ÜGT-nin forumunda gömrük nəzarəti və rəsmiləşdirilməsinə sərf olunan vaxtın minimuma endirilməsi müzakirə edilib
Bakı, 13 noyabr, AZƏRTAC
Ümumdünya Gömrük Təşkilatının (ÜGT) forumunda gömrük nəzarəti və rəsmiləşdirilməsinə sərf olunan vaxtın minimuma endirilməsi müzakirə edilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Yaponiyanın paytaxtı Tokio şəhərində Ümumdünya Gömrük Təşkilatının VI Texnologiya və İnnovasiya Forumu keçirilib. Tədbirdə təşkilata üzv ölkələrin müxtəlif dövlət qurumlarını, elmi-tədqiqat institutlarını, bir sıra beynəlxalq təşkilatları və özəl sektoru təmsil edən 500-ə yaxın nümayəndə iştirak edib. Azərbaycan Gömrük Xidməti forumda Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov və komitənin informasiya texnologiyaları üzrə əməkdaşı ilə təmsil olunub.
Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya Texnologiya və İnnovasiya Forumunun sərhəd idarəçiliyi və gömrük mühafizəsi sahəsində son nailiyyətlər və texnoloji yeniliklər barədə səmərəli fikir mübadiləsi aparmaq baxımından uğurlu platforma olduğunu qeyd edib.
Üç gün davam edən forumun əsas mövzusu risk analizinin çevikliyinin və əhatəliliyinin təmin olunması, gömrük nəzarəti və rəsmiləşdirilməsinə sərf olunan vaxtın minimuma endirilməsi, gömrük ekspertizasının daha sürətli şəkildə aparılması və nəticələrinin vahid sistemə inteqrasiyası kimi məsələlər olub.
Forum çərçivəsində aparılmış müzakirələrdə sərhəd idarəçiliyinin səmərəliliyinin artırılması üçün gömrük xidmətləri arasında məlumat mübadiləsinin əhəmiyyəti qeyd olunub. Mütəxəssislər modern sərhəd idarəçiliyi üçün nəzərdə tutulan smart proqramlar haqqında məlumat verərək qeyd ediblər ki, bir pəncərə sistemi, biometrik keçid, riskin analizi və idarə olunması, səmərəli biznes mühitinin dəstəklənməsi digital gömrük anlayışının əsas prioritetlərindəndir.
Forum, həmçinin, dünyanın 36 qabaqcıl şirkəti tərəfindən texnologiya və innovasiya sahəsində məhsul və xidmətlərin nümayiş etdirilməsi ilə də əlamətdar olub.