SİYASƏT
UKRAYNADA AZƏRBAYCANLI GƏNCLƏRİN FORUMU KEÇİRİLƏCƏKDİR
Bakı, 12 aprel (AZƏRTAC). Aprelin 24-də Ukraynanın Dnepropetrovsk şəhərində bu ölkədəki azərbaycanlı gənclərin forumu keçiriləcəkdir.
Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov Diasporla İş üzrə Dövlət Komitəsinə bildirmişdir ki, forumun məqsədi Ukraynada yaşayan azərbaycanlı gəncləri bir araya gətirmək, onların diaspor işindəki fəallığını artırmaq, Ukraynadakı Azərbaycanlı Gənclərin Qurultayına hazıqlıqla bağlı məsələləri müzakirə etməkdir. Foruma Ukraynanın bütün bölgələrini təmsil edən gənclər təşkilatlarının nümayəndələri dəvət olunmuşlar.
Toplantıda bu ölkədəki azərbaycanlı gənclərin fəaliyyətinə dair konsepsiya qəbul olunacaq, əlaqələndirmə şurası yaradılacaqdır. Şura Ukraynadakı gənclərimizin qurultayının vaxtını müəyyən edəcək və bu tədbirin təşkili ilə məşğul olacaqdır.
Qurultayda isə Ukrayna Azərbaycanlıları Konqresinin nəzdində Ukrayna Azərbaycanlı Gənclər Təşkilatı yaradılacaq, eyni zamanda Dünya Azərbaycanlı Gənclərinin Forumuna nümayəndələr seçiləcəkdir.
Akif Gülməmmədov onu da bildirmişdir ki, forumun məhz aprelin 24-nə-ermənilərin bütün dünyada qondarma “erməni soyqırımı”nı qeyd etdikləri günə salınması təsadüfi deyildir. Tədbirdə uydurma “erməni soyqırımı”nı pisləyən və bu tarixin dünyada rəsmiləşdirilməsinin əleyhinə çıxan bəyanat qəbul olunacaqdır.