SİYASƏT
UKRAYNADA AZƏRBAYCAN GƏNCLƏRİNİN BİRİNCİ FORUMU KEÇİRİLMİŞDİR
Bakı, 26 aprel (AZƏRTAC). Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının təşəbbüsü ilə Dnepropetrovsk şəhərində Ukraynada yaşayan azərbaycanlı gənclərin 1-ci forumu keçirilmişdir.
Ukraynanın 27 vilayət və şəhərindən 700-dən çox gəncin qatıldığı forumda aprelin 24-ü “Ukraynada yaşayan azərbaycanlı gənclərin həmrəylik günü” elan edilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, tədbirdə Ukrayna Azərbaycanlıları Konqresinin rəhbərliyi, qurumun regional təşkilatlarının təmsilçiləri, rəsmi şəxslər iştirak etmişlər.
Tədbirdə çıxış edən Dnepropetrovsk şəhərinin meri İvan Kuliçenko, Ukrayna Azərbaycanlıları Konqresinin rəhbəri Akif Gülməmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ruslan Quliyev, Konqresin Dnepropetrovsk regional şöbəsinin rəhbəri Qüdrət Hacıyev, vilayət və şəhər şuralarının deputatları forumun işinə uğurlar arzulamışlar.
Forumda Ukrayna Azərbaycan Gəncləri Koordinasiya Şurası təsis olunmuş, Şuraya sədr seçilmişdir.
Forum iştirakçıları Ukrayna və Azərbaycan prezidentlərinə müraciət qəbul etmişlər.
Tədbir bədii hissə ilə başa çatmışdır.