MƏDƏNİYYƏT
UKRAYNADA BÖYÜK KOBZARIN 190 İLLİYİ GENİŞ QEYD OLUNMUŞDUR
Ölkə rəhbərləri, siyasi partiyaların və ictimai təşkilatların nümayəndələri Ukrayna xalqının dahi oğlunun xatirəsini hörmətlə yad edərək, böyük kobzarın paytaxtın mərkəzində, onun adını daşıyan Milli Universitetin parkında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.
Taras Şevçenko təhkimli kəndli ailəsində doğulmuşdur. 1838-ci ildə şair Vasili Jukovskinin və rəssam Karl Bryullovun maliyyə yardımı ilə təhkimçilikdən azad olunmuş, sonralar Peterburq Rəssamlıq Akademiyasında oxumuşdur. Şairin ilk məlum əsərləri 1837-38-ci illərə aiddir. 1840-cı ildə işıq üzü görmüş “Kobzar” adlı ilk şerlər kitabı hər bir ukraynalının stolüstü kitabına çevrilmişdir. “Yuxu” (1844), “Qafqaz” (1845) poemaları isə Ukrayna ədəbiyyatını Avropanın qüdrətli ədəbiyyatları səviyyəsinə qaldırmış, XIX əsrdə bütün slavyan xalqları ədəbiyyatına güclü təsir göstərmişdir.
T.Şevçenko 1848-ci ildə gizli Kirill-Mefodi cəmiyyətində iştirakına görə həbsə alınmış, “yazmaq və şəkil çəkmək qadağan olunmaqla” əsgər göndərilmişdir. 1856-cı il amnistiyasından sonra, Peterburqa getməyə icazə verilənədək, Nijni Novqorodda yaşamışdır.
Dahi şairin əsərləri dünyanın bir çox dillərinə, o cümlədən Azərbaycan dilinə tərcümə olunmuşdur. Şevçenkoşünaslıq ədəbiyyatşünaslığın ayrıca sahəsinə çevrilmişdir. Kiyevdə, şairin dəfn olunduğu Kanevdə, Peterburqda və müxtəlif ölkələrdə muzeyləri yaradılmışdır. Ukrayna Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutuna, Kiyev Milli Universitetinə, Luqansk Pedaqoji Universitetinə, Kiyev Milli Opera Teatrına, ölkənin bir sıra dram teatrlarına, yaşayış məntəqələrinə, müəssisə, meydan və küçələrə onun adı verilmişdir. Taras Şevçenko adına milli mükafat Ukraynanın ədəbiyyat və incəsənət sahəsində ən yüksək mükafatıdır. Klassik və müasir bəstəkarlar onun bir çox əsərlərinə musiqi bəstələmiş, təsviri sənət ustaları əsərlərinə illüstrasiya çəkmişlər.