UKRAYNADA ELMLƏR AKADEMİYASINA AZƏRBAYCANLI BAŞÇILIQ EDİR
AzerTAg.az
Xəbər verdiyimiz kimi, Kiyevdə Beynəlxalq Kadr Akademiyasının Regionlararası İşçi Heyətini İdarəetmə Akademiyası çərçivəsində Heydər Əliyev adına Ukrayna-Azərbaycan Beynəlxalq Münasibətlər və Sosial Elmlər İnstitutu uğurla fəaliyyət göstərir.
Bu günlərdə isə daha bir şad xəbər yayılmışdır: həmvətənimiz, Oksford Universiteti tərəfindən tərtib olunmuş beş yüz görkəmli şəxsiyyətin siyahısına düşmüş alim Mikayıl Behbud oğlu Ələkbərov Ukrayna Ədliyyə Nazirliyinin bu yaxınlarda qeydiyyata aldığı Beynəlxalq Mənzil-Kommunal və Məişət Təsərrüfatı Elmlər Akademiyasının rektoru təyin edilmişdir.
Texnika elmləri doktoru, akademik, bir sıra beynəlxalq mükafatların və Ukrayna mükafatlarının laureatı M.Ələkbərov yeni akademiyanın hansı vəzifələri həll edəcəyi barədə suala cavab verərək demişdir:
- Akademiyamızın nəzdində ali məktəblər, layihə institutları fəaliyyət göstərəcək və onlar mehmanxana biznesində işləmək üçün yüksək səviyyəli menecerlər, mənzil-kommunal və məişət təsərrüfatı üçün yüksək dərəcəli mütəxəssislər hazırlayacaqlar. Bunun üçün bizdə bütün imkanlar, təcrübə və əla professor-müəllim heyəti var. Üstəlik, prorektor işlədiyim Ukrayna Sahələrarası İdarəçilik İnstitutu, - yeni yaradılan Beynəlxalq Akademiya onun əsasında fəaliyyət göstərəcək, - çox böyük təcrübəyə, zəngin tədris bazasına malikdir, dünyanın bir çox ölkələri ilə sıx tərəfdaşlıq əlaqələri saxlayır. Ali məktəblərarası mübadilə geniş yayılmışdır. Bir azərbaycanlı kimi mən bizim ali məktəbdə, ilk növbədə, gənc həmvətənlərimi görmək istərdim.Əminəm ki, akademiyamızın hazırlayacağı kadrlar indi Azərbaycan Respublikasına çox gərəkdir. Axı, şəhər və kəndlərimizin siması dəyişdikcə, insanların məişət və mənzil-kommunal xidmətlərinə tələbatı da artır. Erməni işğalçıları torpaqlarımızdan qovulduqdan sonra yetirmələrimin bu dilbər guşənin təsərrüfatını necə bərpa etdiklərini görmək əslən zəngilanlı olan bir insan kimi mənə çox xoş olardı. Fürsət düşmüşkən, azərbaycanlı həmkarlarımı da bizimlə əməkdaşlığa dəvət etmək istərdim.
Zeynal Ağazadə
AZƏRTAC-ın ştatdankənar müxbiri
Kiyev
Xəbərin mətnində orfoqrafik səhv var