SİYASƏT
UKRAYNADA “SÜLH SİPƏRİ-2003” HƏRBİ TƏLİMLƏRİ KEÇİRİLƏCƏKDİR
İTAR-TASS-dan AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, iyulun 10-da Ukraynada “Sülh sipəri-2003” adlı sülhməramlı çoxmilli komanda-qərargah təlimlərinə başlanacaqdır. Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, indiki təlimlər əvvəlkilərdən iştirakçılarının daha geniş formatı ilə fərqlənir. Əvvəllər ikitərəfli - Ukrayna–Amerika manevrləri olurdu və digər ölkələr müşahidəçi kimi dəvət edilirdi. İndi isə NATO-nun üzvü və tərəfdaşı olan 23 ölkədən təxminən 1000 hərbi qulluqçunun iştirakı ilə keçirilir. Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimlərin məqsədi kompüter texnologiyasından istifadə etməklə sülhün qorunması üzrə əməliyyatların planlaşdırılması, həyata keçirilməsi zamanı qüvvələrin və qərargahların birgə fəaliyyətinə nail olmaqdır. Təlimlər üç mərhələdə keçiriləcək və iyulun 22-də başa catacaqdır.