DÜNYA
UKRAYNANIN BAŞ NAZİRİ AVROPA SİYASƏTÇİLƏRİ VƏ HÜQUQŞÜNASLARINDAN KÖMƏK İSTƏMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Ukraynanın Baş naziri Viktor Yanukoviç Kiyevdə yerli və xarici jurnalistlər üçün keçirilən mətbuat konfransında bildirmişdir ki, ölkədə siyasi böhranın yoluna qoyulmasına kömək göstərilməsi xahişi ilə Avropa siyasətçilərinə və hüquqşünaslarına müraciət etmişdir.
O demişdir ki, Ukraynada siyasi münaqişənin gərginləşməsinə, ictimai qarşıdurmaya keçməsinə, problemin güc yolu ilə həlli variantlarına yol verməmək, habelə vəziyyəti Konstitusiya məcrasına qaytarmaq məqsədi ilə beynəlxalq vasitəçilərdən, o cümlədən Avstriya Respublikasının Kansleri Alfred Quzenbauerdən kömək istəmişdir.
Yanukoviçin fikrincə, Avstriya sabit hüquqi ənənələri olan bitərəf demokratik dövlətdir və dünyada böyük nüfuz sahibidir. Bundan əlavə, Ukraynanın Baş naziri Avropa hüquqşünaslarından Prezidentin Ali Radanı buraxmaq haqqında fərmanının legitimliyinin qiymətləndirilməsini də xahiş etmişdir.