SİYASƏT


UKRAYNANIN QANUNVERİCİLİK ORQANLARINA SEÇİLMİŞ SOYDAŞLARIMIZLA GÖRÜŞ

Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Tələt Əliyev Ukraynanın vilayət, şəhər və rayon şuralarına seçilmiş milliyyətcə azərbaycanlı deputatlarla görüşmüşdür.

Səfir soydaşlarımızı salamlayaraq dedi ki, bu seçkilər həmişəkindən daha gərgin olmuşdur və ona görə də Ukraynada yaşayan azərbaycanlıların kəskin siyasi rəqabətdən qalib çıxa bilmələri xüsusi iftixar doğurur. Seçkilərdə iştirak etmiş 20 soydaşımızdan 9-u deputat mandatı qazanmışdır.

Görüşdə iştirak edən deputatlar - Xarkov Şəhər Şurasının deputatı Cəmşid Bağırov, Xarkov şəhəri Kiyev rayon şurasının iqtisadi inkişaf və sahibkarlıq məsələləri komissiyasının sədri Murad Ömərov, Xarkov Rayon Şurasının deputatı Vəli Həsənov, Luqansk Vilayət Şurasının deputatı Kamandar Bayramov, Kiyev vilayətindəki Buça şəhəri rayon şurasının deputatı Heydərəli Şamooğlu diplomatlara təqdim olundu.

Səfir ümidvar olduğunu bildirdi ki, soydaşlarımız yüksək etimadı özlərinin gündəlik və fədakar fəaliyyəti ilə doğruldacaqlar.

Görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, respublikamızda aparılan iqtisadi islahatlar, müvəffəqiyyətlə həyata keçirilən neft strategiyası, qazanılmış uğurların Azərbaycan Prezidenti Heydər Əliyevin məqsədyönlü daxili və xarici siyasətinin nəticəsi olması barədə söhbət getdi.

Deputatlar bildirdilər ki, Azərbaycan xalqını layiqincə təmsil etmək, Azərbaycan-Ukrayna əməkdaşlığının möhkəmlənməsinə kömək göstərmək üçün əllərindən gələni bundan sonra da əsirgəməyəcəklər.

Zeynal Ağazadə

AZƏRTAC-ın ştatdankənar müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.