DÜNYA
UKRAYNA BAYRAMLAR MƏMLƏKƏTİDİR
Ukraynada prezident seçkiləri ərəfəsində ölkənin bir çox siyasətçiləri dönə-dönə bildirirlər ki, adambaşına düşən bayramların sayına görə Ukrayna bütün qabaqcıl və o qədər də inkişaf etməmiş olan ölkələri ötüb keçmişdir. AZƏRTAC-ın Ukrinformdan aldığı xəbərdə deyilir ki, ölkədə 160-dan çox rəsmi və qeyri-rəsmi qeyd edilən təntənəli gün var. Buraya cari ildəki 105 normal istirahət günü və əhalinin böyük əksəriyyətinin işləmədiyi bir o qədər də şənbə günü aid deyildir.
Siyasətçilər deyirlər ki, “əbədi bayram”ın iqtisadi nəticələrini bir yana qoyub, Avropa standartlarına nəzər salanda məlum olur ki, ölkədə gömrükçü günü, ətraf mühitin mühafizəsi günü, gənclər günü, aviasiya günü və digər günlər, bir növ, iki dəfə - “Avropa üzrə” və “Ukrayna üzrə” bayram edilir.
Prinsipcə, Ukraynada cəmi doqquz dövlət bayramı müəyyən olunmuşdur. Amma, paralel olaraq, təxminən 110 peşə bayramı və qeyri-rəsmi bayram, 19 pravoslav, 24 Roma-katolik, 10 müsəlman və 10 yəhudi dini şənliyi mövcuddur.
Müstəqillik illərində Ukraynada iki milli bayram meydana gəlmişdir – Mütəşəkkillik günü (22 yanvar) və Müstəqillik günü (24 avqust).