SİYASƏT
UKRAYNA İLƏ AZƏRBAYCAN ARASINDA DİPLOMATİK MÜNASİBƏTLƏRİN 10 İLLİYİNƏ HƏSR OLUNMUŞDUR
Ukraynanın ölkəmizdəki səfiri Boris Aleksenko müstəqil dövlətlər kimi Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulmasının 10 illiyinə həsr olunmuş mətbuat konfransı keçirmişdir.
Diplomat mətbuat konfransını açaraq dedi ki, 1992-ci il fevralın 6-da Azərbaycanla Ukrayna arasında diplomatik münasibətlər yaradılması barədə ratifikasiya fərmanları mübadiləsi olmuş, dekabrın 9-da isə Dostluq və əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Ölkələrimizin müstəqilliyi dövründə siyasi, iqtisadi və humanitar xarakterli 75 sənəd imzalanmışdır. Ukrayna Prezidenti Leonid Kucmanın Azərbaycana rəsmi səfərləri və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukraynaya dövlət səfəri ikitərəfli münasibətlərin uğurla inkişafına kömək etmişdir. Bu səfərlər zamanı ikitərəfli əməkdaşlığın ən aktual məsələlərinə dair danışıqlar aparılmış, çoxlu sənəd imzalanmışdır. Azərbaycan Prezidenti dost ölkədə səfərdə olarkən ona Ukraynanın ən yüksək mükafatı – birinci dərəcəli Yaroslav Mudrı ordeni, Ukrayna dövlətinin başçısı Leonid Kucmanın Bakıya rəsmi səfəri zamanı isə ona Azərbaycanın ən yüksək dövlət mükafatı – “İstiqlal” ordeni təqdim edilmişdir. Səfir demişdir ki, bütün bunlar ölkələrimiz arasında dostluq münasibətlərinə verilən ən yüksək qiymətə sübutdur.
Ukrayna və Azərbaycan bir çox beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış edir, GUÖAM çərçivəsində fəal əməkdaşlıq gedir. Mədəniyyət günlərinin keçirilməsi artıq ənənəyə çevrilmişdir. Növbəti belə tədbiri bu ilin may-iyun aylarında Azərbaycanda keçirmək nəzərdə tutulmuşdur. Hər iki ölkədə diaspor fəal işləyir, onlar həm dövlət strukturlarında, həm də parlamentdə təmsil olunmuşlar.
Boris Aleksenko bunu da vurğuladı ki, Ukrayna Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləmişdir və bu mövqeyini gələcəkdə də dəyişməyəcəkdir. Ukrayna ümid edir ki, Ermənistanla Azərbaycan arasında münaqişə sülh yolu ilə həll olunacaq və qaçqınlar öz yurd-yuvalarına qayıdacaqlar.