UKRAYNA MÜSTƏQİLLİK GÜNÜNÜ QEYD ETMƏYƏ HAZIRLAŞIR

Avqustun 24-də Ukrayna xalqı milli bayramı – Müstəqillik gününü qeyd edir. Bununla əlaqədar olaraq, Ukraynanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqor Kızıma mətbuat konfransı keçirmişdir.

Diplomat bildirdi ki, Ukraynanın ali qanunverici orqanı – Ali Rada ölkənin dövlət müstəqilliyini elan etdiyi vaxtdan 13 il keçmişdir. 1991-ci il dekabrın 1-də Ümumukrayna referendumu Ukrayna xalqının müstəqillik uğrunda çoxəsrlik niyyətini böyük səs çoxluğu ilə təsdiqlədi. Bununla da Ukraynada dövlət quruculuğunun yeni dövrü başlandı.

Hazırda Ukrayna 603,7 min kvadratkilometr ərazisi və təxminən 50 milyon əhalisi olan, güclü elmi-texniki, sənaye və kənd təsərrüfatı potensialına malik dövlətdir.

İ.Kızıma dedi ki, müstəqilliyin 13 ili ərzində Ukrayna bütün dövlət hakimiyyəti və idarəetmə orqanlarını yaratmağa, xalq təsərrüfatında tarazsızlığın nəticələrini aradan qaldırmağa, dünyada ən iri raket-nüvə cəbbəxanalarının birindən, həddindən böyük hərbi-sənaye kompleksindən qurtarmağa, öz sənayesini rəqabət qabiliyyətli, yüksəkkeyfiyyətli məhsul buraxılışına yönəltməyə müvəffəq olmuşdur. Ölkə iqtisadiyyatı metallurgiya, maşınqayırma, kimya, yüngül sənaye, yeyinti sənayesi və aqrar sahələrin məhsulu istehsalına əsaslanır.

GÜÖAM dövlətləri ilə, ilk növbədə, Azərbaycan Respublikası ilə münasibətlərin hərtərəfli inkişaf etdirilməsi Ukraynanın digər ölkələrlə ikitərəfli əməkdaşlığının öncül istiqamətlərindən biri olaraq qalır. Bu, əsasən, Ukrayna və Azərbaycan iqtisadiyyatlarının bir-birini qarşılıqlı surətdə tamamlaması ilə izah edilir: Ukrayna Azərbaycanda zəngin olan enerji ehtiyatlarına çox böyük tələbat duyur; Ukrayna isə güclü elm-istehsal potensialına, maşınqayırma və metallurgiya komplekslərinə, inkişaf etmiş nəqliyyat infrastrukturuna, kənd təsərrüfatına malik olduğuna görə Azərbaycanın iqtisadi inkişafına mühüm kömək göstərə bilər. Ukrayna diplomatı vurğuladı ki, Azərbaycanla ənənəvi dostluq münasibətləri inkişaf etməkdədir. İki ölkə arasında 74 dövlətlərarası, hökumətlərarası və sahələrarası müqavilə imzalanmışdır. Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə ölkələrimizin strateji münasibətlərinın yüksək səviyyədə olmasına sübutdur.

Diplomat dedi ki, Ukrayna Prezidenti Leonid Kuçma və Azərbaycanın ümummilli lideri Heydər Əliyev ölkələrimiz arasında münasibətlərin inkişafına və möhkəmlənməsinə çox böyük töhfə vermişlər. Onların nail olduqları razılaşmalar və imzaladıqları sənədlər ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə və dərinləşməsinə gözəl imkanlar yaradır.

Bu il iyunun 3-4-də Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya dövlət səfəri zamanı keçirilən görüşlərdə qarşılıqlı münasibətlərin indiki vəziyyəti yüksək qiymətləndirilmiş, strateji tərəfdaşlığı daha da inkişaf etdirməyin zəruriliyi bildirilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.