DÜNYA
UKRAYNA PREZİDENTİ ALİ RADANIN BURAXILMASINI MÜMKÜN HESAB EDİR
AZƏRTAC-ın Ukrinformdan aldığı xəbərə görə, Ukrayna Prezidenti Viktor Yuşşenko iyulun 7-də jurnalistlərlə görüşündə bildirmişdir ki, hökumətin formalaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulan müddət pozularsa, Ali Radanın buraxılmasını mümkün hesab edir.
Dövlət başçısı xatırlatmışdır ki, hökuməti formalaşdırmağın son müddəti barədə parlament və koalisiya prosesinin iştirakçılarına qarşı onun irəli sürdüyü tələblər dəyişməz qalır.
Viktor Yuşşenko Konstitusiyada nəzərdə tutulan müddətlərə riayət olunmasını Ali Rada sədrinin və ya Baş nazirin seçilməsinin siyasi legitimliyinə, hüquqi legitimliyinə şübhələrə qarşı ən yaxşı vasitə hesab edir.
Xatırladaq ki, yeni hökumət əvvəlki hökumətin istefa verdiyi gündən 60 gün ərzində formalaşdırılmasa, prezidentin parlamenti buraxmaq hüququ var. Yuri Yexanurov başda olmaqla, əvvəlki hökumət yeni seçilmiş parlament qarşısında öz səlahiyyətini mayın 25-də dayandırmışdır.