DÜNYA
UKRAYNA PREZİDENTİ MÜDAFİƏ NAZİRİNƏ İKİNCİ TÖHMƏT VERMİŞ VƏ ONUN BİRİNCİ MÜAVİNİNİ VƏZİFƏSİNDƏN AZAD ETMİŞDİR
AZƏRTAC-ın Ukrinformdan aldığı xəbərə görə, Ukrayna Prezidenti Leonid Kuçma müdafiə naziri Yevgeni Marçuka töhmət vermiş və onun birinci müavini Aleksandr Oleyniki vəzifəsindən kənarlaşdırmışdır.
Fərmanda deyilir ki, bu qərar “Sevastopol şəhərinin Balaklava buxtası zonasında yenidənqurmaya dair tapşırıqların lazımınca yerinə yetirilmədiyinə, buxtadan silahların çıxarılması, onun ekoloji cəhətdən sağlamlaşdırılması, iqtisadi, sosial və mədəni sahənin daha da inkişaf etdirilməsi üçün tədbirlər görülmədiyinə görə” qəbul olunmuşdur.
Bu, Prezidentin müdafiə nazirinə verdiyi ikinci töhmətdir.
Xatırladaq ki, iyunun 3-də dövlət başçısı Zaporojye vilayətindəki döyüş sursatı anbarlarında faciəli hadisələr baş verməsi ilə əlaqədar müdafiə nazirinə töhmət elan etmiş, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəisi Aleksandr Zatınaykonu və quru qoşunlarının baş komandanı Pyotr Şulyakı vəzifələrindən kənarlaşdırmışdı.