SİYASƏT
UKRAYNA TÜRKİYƏYƏ GENİŞ MİQYASDA ƏMƏKDAŞLIQ TƏKLİF EDİR
AZƏRTAC-ın Kiyevdən aldığı xəbərə görə, Ukrayna Türkiyəyə kosmos, atom energetikası və İraqın bərpası sahəsində əməkdaşlıq təklif etmişdir. Ukraynanın Baş naziri Viktor Yanukoviç türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə demişdir: “Biz kosmosdan dinc məqsədlərlə istifadə, nəqliyyat və hərbi-texniki sahədə əməkdaşlıq üçün böyük potensial olduğunu görürük”.
V.Yanukoviç ümidvar olduğunu bildirmişdir ki, tərəflər İraqda əməkdaşlıq üçün birgə layihələr hazırlayacaqlar. Ukrayna Türkiyə ilə azad ticarət haqqında saziş imzalanmasını perspektivli sayır. O demişdir: “Ümidvarıq ki, Türkiyə ölkəmizin Dünya Ticarət Təşkilatına qəbul edilməsində köməkçimiz və Avropaya inteqrasiyada, NATO ilə əməkdaşlıqda tərəfdaşımız olacaqdır”.
Türkiyənin Baş naziri bildirmişdir ki, İraqda əməkdaşlıq məsələləri gündəliyə çıxarıla bilər və burada tərəflər müəyyən addımlar ata bilər. Türkiyə Ukraynanın Qərbə inteqrasiyasında onu dəstəkləməyə hazırdır.