DÜNYA
UKRAYNA VƏ RUSİYANIN MÜDAFİƏ NAZİRLƏRİ 2007-Cİ İLDƏ ƏMƏKDAŞLIQ HAQQINDA PLAN İMZALAMIŞLAR
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, dekabrın 7-də Kiyevdə Ukrayna və Rusiya hərbi idarələrinin başçıları Anatoli Qritsenko və Sergey İvanov 2007-ci ildə ikitərəfli əməkdaşlıq haqqında plan imzalamışlar. “Yuşşenko-Putin” Dövlətlərarası komissiyasının təhlükəsizlik məsələləri üzrə yardımçı komitəsinin reqlamenti və bu komitənin birinci iclasının protokolu da imzalanmışdır.
Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, 2007-ci ildə tərəflərin “BLƏKSİFOR” Qara dəniz qruplaşmasının təlimlərində iştirakı, müxtəlif qoşun növləri nümayəndə heyətlərinin ikitərəfli səfərləri nəzərdə tutulur.
Ukrayna Rusiya tərəfinə 2007-ci ildə ölkənin ərazisində keçiriləcək bütün təlimlərə müşahidəçilər göndərməyi təklif etmişdir.
Ukraynanın MiQ-29 təyyarələri parkının Rusiya ilə birlikdə modernləşdirilməsi, onun zenit-raket kompleksləri resurslarının uzadılması aktual məsələlər olaraq qalır.