ELM VƏ TƏHSİL
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 85-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ KONFRANS
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Elmi Cəmiyyəti “Heydər Əliyev: Azərbaycanın uğurlu gələcəyinə təminat yaradan ümummilli lider” mövzusunda elmi konfrans keçirmişdir
Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov bildirmişdir ki, konfrans ümummilli lider, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlərdən biridir.
S.Qəndilov müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin mənalı ömür yolundan, zəngin dövlət idarəçiliyi təcrübəsindən, böyük xilaskarlıq rolundan danışmışdır. Natiq Heydər Əliyevin elm və təhsilimizin inkişafına daim böyük önəm verdiyini, gənclərə sonsuz diqqət və qayğı göstərdiyini, ulu öndərimizin nurlu ideyalarının bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini diqqətə çatdırmışdır.
Konfransda “Heydər Əliyev və müstəqil Azərbaycan dövlətçiliyinin inkişafı modeli”,“Heydər Əliyev Azərbaycan Respublikası Konstitusiyasının banisidir”, “Heydər Əliyevin Azərbaycanı iqtisadi böhrandan çıxarmaq siyasəti”, “Heydər Əliyev və balanslaşdırılmış xarici siyasətdə regional layihələr” mövzularında məruzələr dinlənilmişdir.
Məruzə və çıxışlarda əbədiyaşar Heydər Əliyevin siyasətinin uğurlu nəticələrindən ətraflı bəhs olunmuş, müzakirələr aparılmışdır.