RƏSMİ XRONİKA


ÜMUMDÜNYA BANKININ KÖMƏYİ VACİBDİR

Yanvarın 29-da Azərbaycan Prezidenti Heydər Əliyev Ümumdünya Bankının baş direktoru Sven Sandstrom ilə görüşündə respublikamızda vəziyyət barədə məlumat verdi və Çeçenistan hadisələri ilə əlaqədar olaraq yaradılmış blokada nəticəsində iqtisadiyyatımızın qarşılaşdığı çətinliklər üzərində dayandı. Qeyd edildi ki, bütün bunlara görə Azərbaycan beynəlxalq banklar, maliyyə strukturları tərəfindən ona daha fəal yardım göstərilməsini gözləyir.

Heydər Əliyev respublikada aparılan özəlləşdirmədən, iqtisadi islahatlardan danışdı. O bildirdi: Biz ölkədə kifayət qədər iqtisadi-siyasi sabitliyə nail olmuşuq. Hazırda münaqişə zonasında da sakitlikdir. Son altı ildə ilk dəfə olaraq atəşkəs rejimi əldə edilmişdir və bu rejim 8 aydır ümumən gözlənilir. Biz böyük siyasi saziş bağlanmasına, işğal olunmuş ərazilərimizin azad edilməsinə, qaçqınların öz ev-eşiklərinə qayıtmasına, Ermənistanla sülh şəraitində yaşamağa nail olmağa çalışırıq.

Sonra Heydər Əliyev nəzərə çarpdırdı ki, Azərbaycan dünya iqtisadiyyatına qoşulmaq, onun bir hissəsi olmaq, Qərb ilə fəal əməkdaşlıq etmək istəyir. O, ötən ilin sentyabrında dünyanın on ən iri neft şirkəti ilə bağlanmış müqavilədən söz açdı. Azərbaycan Prezidenti dedi: Biz qəti addımlar atmışıq, amma təəssüflər olsun ki, siz kənarda qalmısınız. Halbuki sizin tərəfinizdən də bu sahədə cəsarətli addımlar atılmalıdır. Zənnimcə, siz Azərbaycana kredit ayrılması məsələsini daha fəal və çevik həll etməlisiniz.

Heydər Əliyev bildirdi ki, Azərbaycanda fəal surətdə investisiyalar qoyulması üçün perspektivli sənaye və kənd təsərrüfatı sahələri çoxdur. O dedi: Biz sizinlə görüşdən əvvəl Beynəlxalq Valyuta Fondu direktorunun birinci müavini cənab Fişerlə görüşdük və razılığa gəldik ki, BVF nümayəndə heyətinin Bakıya səfəri uğurlu olmuşdur, Azərbaycan sənayesinin maliyyələşdirilməsinə dair proqramın həcmini müəyyənləşdirmək üçün daha sanballı tədbirlər görmək lazımdır. Mən istəyirəm ki, sizin bank da bizimlə fəal əməkdaşlıq etsin və BVF ilə səylərini birləşdirərək, Azərbaycan iqtisadiyyatının dirçəlməsinə kömək göstərsin.

Cənab S.Sandstrom Azərbaycan ilə əməkdaşlığın yaxşı perspektivləri olduğuna inandığını söylədi və qeyd etdi ki, respublikanın böyük potensial imkanlarından xəbərdardır. O, əmin olduğunu bildirdi ki, Azərbaycanın neft sənayesi, güclü neft müəssisələri yeniləşdiriləcək, ekologiya, demoqrafiya məsələləri və digər problemlər həll ediləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin