İQTİSADİYYAT
ÜMUMDÜNYA POÇT İTTİFAQI AZƏRBAYCANA TƏTBİQ ETDİYİ GÜZƏŞTİN MİQDARINI ARTIRMIŞDIR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Ümumdünya Poçt İttifaqı (ÜPİ) Azərbaycana tətbiq etdiyi güzəştin məbləğini artırmışdır. Gələn il yanvarın 1-dən ölkələrarası beynəlxalq poçt mübadiləsinə görə alınacaq kompensasiyanın məbləği 8 faizdən 16,5 faizə qaldırılacaqdır. Azərbaycan üçün bu güzəşt 1 il müddətinə tətbiq ediləcəkdir. Bunun nəticəsində gözlənilən iqtisadi səmərə təxminən 60 min ABŞ dolları dəyərində olacaqdır. ÜPİ Azərbaycana bu güzəşti müstəsna hal kimi vermişdir.
Güzəşt barədə qərar çıxarılan zaman Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi və bunun da nəticəsində ölkəyə külli miqdarda ziyan dəydiyi nəzərə alınmışdır. Azərbaycanın alacağı kompensasiya ÜPİ-nin fondunda toplanacaq, həmin vəsait ölkədə həyata keçirilən layihələrə sərf ediləcəkdir.