SİYASƏT
ÜMUMMİLLİ LİDERİMİZİN XATİRƏSİ DƏRİN EHTİRAMLA YAD EDİLMİŞDİR
Azərbaycan Respublikasının müasir hüquq sisteminin yaradıcısı, dünya şöhrətli liderimizin anadan olduğu gün münasibətilə Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən Ağır cinayətlərə dair işlər üzrə hərbi, Siyəzən və Ağstafa rayon məhkəmələrinin əsaslı təmir edilmiş, müasir tələblərə cavab verən yeni binalarının geniş ictimaiyyətin iştirakı ilə təntənəli açılış mərasimləri olmuş, nazirliyin müxtəlif qurumlarında anma tədbirləri keçirilmiş, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində böyük öndərimizin abidəsi ucaldılmış, digər tədbirlər görülmüşdür.
Mayın 10-da isə Ədliyyə Nazirliyində Heydər Əliyevin Azərbaycan tarixində roluna həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan ədliyyə naziri Fikrət Məmmədov “Heydər Əliyev və müasir Azərbaycan dövlətçiliyi” mövzusunda çıxış etmiş, adı Azərbaycan tarixinə milli dövlətçiliyimizin qurucusu və xalqımızın xilaskarı kimi yazılmış ümummilli liderimizin 81 illik yubileyinin ölkəmizin ictimai həyatında mühüm hadisə olduğunu qeyd etmiş və demişdir ki, Heydər Əliyevin milli dövlətçilik ideyalarının və onun müəyyənləşdirdiyi siyasi kursun həyata keçirilməsi hər bir azərbaycanlının ən müqəddəs amalıdır.
Tədbirdə çıxış edən ədliyyə işçiləri milli dövlət quruculuğu sahəsində Heydər Əliyevin misilsiz xidmətlərini qeyd etmiş, onun parlaq ideyalarının həyata keçirilməsində dövlətimizin başçısı İlham Əliyevə daim yardımçı olmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirmişlər.
Tədbirdən sonra ədliyyə işçiləri Fəxri xiyabana gələrək böyük öndərimizin məzarını ziyarət etmişlər.