ELM VƏ TƏHSİL
ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 81-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tədbirin iştirakçıları əvvəlcə BDU-nun “Heydər Əliyev muzeyi” ilə tanış olmuşlar.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov konfransda müstəqil dövlətimizin yaranmasında və möhkəmlənməsində, onun dünya birliyində özünəlayiq yer tutmasında dahi rəhbərimiz Heydər Əliyevin tarixi xidmətlərindən danışmış, onun zəngin və mənalı ömür yolunun ən layiqli örnək olduğunu vurğulamışdır.
Dünya Azərbaycan Qadınları Birliyinin sədri, professor Əsmət Muxtarova isə görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətindən danışmışdır.
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Məşədixanım Nemətova “Heydər Əliyev Azərbaycanın yeni tarixinin yaradıcısıdır”, professor Ağalar Abbasbəyli “Vətənə və xalqa həsr olunmuş ömür” mövzularında məruzələrlə çıxış etmişlər.
Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva və başqaları ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda dövlətçilik, elm və təhsil, mədəniyyət və iqtisadiyyatın inkişafı sahəsindəki əvəzsiz rolundan söhbət açmış, onun siyasi kursunun uğurla davam etdiriləcəyinə əmin olduqlarını bildirmişlər.