SİYASƏT


UNA-nın saytında Qarabağda aparılan bərpa-quruculuq işləri və “Şuşa İli” barədə məqalə dərc olunub

Qahirə, 29 mart, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyinin (UNA) saytında işğaldan azad olunmuş Qarabağ ərazisində aparılan bərpa-quruculuq işləri və “Şuşa İli” haqqında məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə UNA-nın nümayəndə heyətinin Qarabağa səfəri zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistanın işğalı dövründə dağıdılmış infrastruktur obyektləri və tarix-mədəniyyət abidələrinin bərpası, yeni aeroportun, avtomobil yollarının inşası ilə bağlı söylədiyi fikirlər yer alıb: “Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan dövləti Qarabağı sülh və rifah vadisinə çevirmək üzərində iş aparır. Eyni zamanda, əhalisi müsəlman olan ölkə xristian irsi və ənənələrinə də hörmətlə yanaşır, bu prinsiplərə sadiqdir”.

Məqalədə qeyd olunub ki, Azərbaycan hökuməti Qarabağın sosial-iqtisadi baxımdan ölkənin əsas hissəsinə yenidən inteqrasiyasını həyata keçirir. Bu, Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarına da şamil olunacaq. H.Hacıyevin sözlərinə görə, Azərbaycan qanunlarına hörmət edən və özlərini bu ölkənin vətəndaşı kimi görən ermənilər də bu prosesdə fəal iştirak edə bilərlər. Dövlət onların bütün hüquqlarını qoruyacaq.

UNA-nın məqaləsində diqqətə çatdırılıb ki, Qarabağ ərazisində böyük turizm potensialı var və Azərbaycan hökuməti müvafiq infrastruktur yaradaraq 2025-ci ildə bu torpaqlara bir milyondan çox turistin cəlb edilməsini nəzərdə tutur. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji istehsalı üzrə layihələr, “ağıllı kənd” konsepsiyası həyata keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin cari ili “Şuşa İli” elan etdiyini diqqətə çatdıran UNA-nın jurnalisti qeyd edib ki, H.Hacıyev bu qədim şəhəri “Azərbaycan xalqının DNT-si” kimi səciyyələndirir. “Azərbaycanlılar bu il Şuşanın əsasının qoyulmasının 270-ci ildönümünü qeyd edəcəklər. Bu şəhər Azərbaycanın və Cənubi Qafqazın elmi və mədəni həyatında müstəsna rol oynayıb. Artıq Şuşanın bir sıra mədəni irs abidələri və heykəlləri bərpa olunub, Molla Pənah Vaqifin, müğənni Bülbülün və bəstəkar Üzeyir Hacıbəylinin muzeyləri yenidən fəaliyyətə başlayıb, “Xarıbülbül” festivalı təşkil edilib”, – deyə məqalədə diqqətə çatdırılıb.

Həmçinin məqalədə qeyd olunub ki, Şuşa, eyni zamanda, diplomatiya mərkəzinə də çevrilir. Bu yaxınlarda burada Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı bunun bariz nümunəsidir.

Sonda vurğulanıb ki, H.Hacıyev işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinin davam etdiyini söyləyib və əlavə edib ki, əsas məqsəd məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını təmin etməkdir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.