ELM VƏ TƏHSİL
“UNEC-100” İnkişaf Strategiyası - tədqiqat universiteti
Bakı, 6 fevral, AZƏRTAC
“UNEC-100” İnkişaf Strategiyasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tədqiqat universitetinə transformasiyası ilə bağlı strateji məqsəd, hədəflər və fəaliyyət istiqamətləri müəyyən olunub.
UNEC-dən AZƏRTAC-a bildiriblər ki, strategiyaya əsasən, tədqiqat universitetinə çevrilmək istiqamətində UNEC magistratura və doktorantura təhsilini mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırmağı, milli və beynəlxalq səviyyədə yüksək reytinq qazanmış “beyin mərkəzi” yaratmağı, sifariş və qrantlar əsasında yerinə yetirilən tədqiqat layihələrinin sayını ilbəil artıraraq bu təhsil müəssisəsinin büdcəsinin 20 faizinə çatdırmağı əsas hədəfə çevirib.
Bununla yanaşı, 2030-cu ilə qədər “Web of Science” və “Scopus” elmi platformalarına daxil olan ən nüfuzlu nəşrlərdə dərc edilən məqalələrin sayını ilbəil artırmaq, həmin bazalara daxil olan 3 elmi jurnala sahib olmaq, elmi məruzələri nüfuzlu bazalara daxil edilən beynəlxalq elmi tədbirlər təsis və təşkil etmək, o cümlədən hər il iqtisadçı tələbələrin beynəlxalq tələbə elmi konfransını təşkil etmək UNEC-in İnkişaf Strategiyasında hədəf kimi müəyyən edilib.
Hazırda isə UNEC-də konkret və spesifık tədqiqat istiqamətləri üzrə 17 tədqiqat-araşdırma mərkəzi, İqtisadi Klinika, Sığorta Məktəbi və İnkişaf İqtisadiyyatı laboratoriyası fəaliyyət göstərir. UNEC-də ali təhsilin magistratura və doktorantura təhsil pilləsi üzrə beynəlxalq standartlara cavab verən müasir tədris və təlim metodlarının tətbiq olunduğu, “İqtisadiyyat və idarəetmə” ixtisas qrupuna daxil olan 11 ixtisas və 39 ixtisaslaşma üzrə 4 dildə tədris aparan Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi də fəaliyyət göstərir.