ELM VƏ TƏHSİL


UNEC 24/7 kitabxanasını gündəlik 500-ə qədər tələbə ziyarət edir

Bakı, 23 yanvar, AZƏRTAC 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 24/7 Kitabxanasının ölkədə ilk dəfə olaraq fəaliyyətə başlaması haqqında Təhsil TV-də yerləşdirilmiş süjet böyük marağa səbəb olub.

UNEC-dən AZƏRTAC-a verilən məlumata görə, süjetdə qeyd olunub ki, kitabxana müasir standartlara uyğun işıqlandırma və havalandırma sistemi, müasir proqram təminatı, yüksək sürətli fiber optik internet xətti və ən yeni parametrlərə malik kompüterlərlə təchiz edilib. Gündəlik 500-ə qədər oxucunun ziyarət etdiyi kitabxana, eyni vaxtda 104 oxucuya xidmət edə bilir. Burada gecə saatlarında qış imtahan sessiyasına 70-ə yaxın tələbə hazırlaşır. Üçmərtəbəli kitabxananın II və III mərtəbələrində ixtisaslaşmış və geniş fonda malik, açıq rəf sistemi ilə tərtib olunmuş oxu zalları fəaliyyət göstərir. Burada məşhur kitabxanaların elektron resurslarına, o cümlədən, “Oxford University”, “Cambridge University”, “The MIT”, “Duke University”, ECONBIZ, JSTOR, “Duke University Press” və EBSCO bazalarına daxil olmaq mümkündür.

Tələbələr M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 60 min kitab, 140 min qəzet və jurnal, 15 min dissertasiyadan ibarət elektron bazasından da istifadə edirlər. İstifadəçilər, həmçinin “Web of Science” platformasının 126 min 626 məqalədən ibarət bazasına çıxış əldə edə bilərlər. Kitabxana ümumilikdə 760 mindən artıq elektron resursa çıxışı təmin edəcək.

Tələbələrin sözlərinə görə, UNEC 24/7 Kitabxanasında axtardıqları resursu çox tez və rahatlıqla tapa bilirlər. Burada Azərbaycan dili ilə yanaşı, ingilis, rus və türk dillərində dərs vəsaitləri ilə tanış olmaq mümkündür. Beynəlxalq elmi məlumat bazalarına çıxış hesabına tələbələr burada dünyanın müxtəlif elmi resurslarında yerləşən materiallarla tanış ola bilərlər.

Bu günlərdə isə kitabxana dünyada geniş yayılmış “Beynəlxalq iqtisadiyyat: Nəzəriyyə və siyasət” (P.R.Kruqman, M.Obstfeld və M.J.Melitz), “Makroiqtisadiyyat” (O.Blanşar) və “Mikroiqtisadiyyatın əsasları” (K.E.Keys, R.C.Feyr və Ş.E.Oster) kitabları ilə zənginləşib. Bu kitablar Azərbaycan dilinə UNEC mütəxəssislərinin iştirakı və BP şirkətinin dəstəyi ilə tərcümə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.