ELM VƏ TƏHSİL
UNEC ABŞ-ın Linkoln Universiteti ilə ikili diplom proqramına başlayır
Bakı, 15 oktyabr, AZƏRTAC
İstanbulda ABŞ-ın Linkoln Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında ikili diplom proqramına dair müqavilə imzalanıb. Sənədi UNEC-in rektoru, professor Ədalət Muradov və Linkoln Universitetinin rektoru, professor Mixail Brodski imzalayıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, müqaviləyə əsasən, tələbələr öz seçimlərinə uyğun olaraq, 1 və ya 2 il ABŞ-da oxuduqdan, yaxud ABŞ-dan gələn professorların tədris etdiyi 9-12 fənni Bakıda dinləyib uğurla imtahan verdikdən sonra UNEC-lə yanaşı, Linkoln Universitetinin diplomunu da əldə edə biləcəklər. Müqavilənin üstünlüyü ondadır ki, ikili diplom proqramı həm bakalavrlara, həm də magistrlərə aid edilir.
Linkoln Universiteti 1919-cu ildə yaradılıb. “San Francisco Business Times” reytinqinə əsasən, “University of Californiya”, “Berkeley/Haas School of Business” və “Stanford Graduate School of Business”dən sonra “MBA Proqrams in the Greater Bay Area”da ən yaxşı MBA (biznesin idarə edilməsi) təhsili verən universitetdir.